Siyasət
Leyla Əliyeva Həmrəylik Günü münasibəti ilə təşkil olunan konsertdə iştirak etdi
Dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konserti izləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.
Gecədə Azərbaycanın Xalq artisti, tanınmış pianoçu Murad Hüseynov Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edib.
Tanınmış bəstəkarlar Klod Debüssinin “Ay işığı”, Robert Şuman və Ferens Listin “İthaf”, Moris Ravelin “Sonatina”, Fredirik Şopenin “Noktürn”, “Polonez”, “Vals”, Vasif Adıgözəlovun “Prelüdiya”, Adil Bəbirovun “Prelüdiya-Skterso” əsərlərinin ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Xalq artisti Murad Hüseynov Bela Bartokun fortepiano və skripka üçün "Rumın rəqsləri" əsərini skripka ifaçısı-dirijor Cavad Tağızadə ilə birlikdə təqdim edib.
Konsert ən məşhur əsərlərdən parçaların Murad Hüseynovun, Əməkdar artist Sahib Paşazadənin (tarzən), Cavad Tağızadənin (skripka) və Seymur Həsənsoyun (akkordeon) ifası ilə başa çatıb.