Siyasət
Çingiz Qənizadənin xeyrinə namizədliyini geri götürdü - Qara piardan istifadə edənlərə cavab - Foto
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədlərdən biri Quliyev Fəyyaz Əbdi oğlu dünən doğulduğu İmişli rayon Sarıxanlı kəndində seçiciləri ilə görüş zamanı sensasion bəyanatla çıxış edib.
Bizimyol.info xəbər verir ki, çox güclü namizədlərdən biri və arxasında sosial bazası və seçicisi olan nüfuzlu namizəd Fəyyaz Quliyev namizədliyini geri götürüb. İxtisasca hüquşünas olan və uzun illər hüquq-mühafizə orqanlarında çalışmış Fəyyaz Quliyev seçicilərinə Çingiz Qənizadə ilə uzun illər hüquqşünas olaraq əlaqələrinin olmasından danışıb:
“Müəyyən dostlar bizə müraciətlər edib. İkimizdən birimizin qalmasını və birimizin digərinə dəstək verməsini xahiş ediblər. Çox götür-qoy etdikdən və Çingiz Qənizadənin mənə müraciətindən sonra namizədliyimi geri götürmək qərarı verdim”.
Fəyyaz Quliyev həmçinin seçicilərini Çingiz Qənizadəyə səs verməyə çağırıb.
Məsələ ilə bağlı Çingiz Qənizadə ilə əlaqə saxladıq. O, Fəyyaz Quliyevlə uzun illər hüquqşünas kimi dost münasibətlərinin olmasını təsdiqləyib:
“Fəyyaz Quliyev bu el-obada böyük nüfuz sahibidir. Hər ikimizin ortaq dostlarımız var. Həmin o ortaq dostlar bizi danlayırdı ki, seçki prosesində ikinizdən biriniz qalın. Mən də məsələ ilə bağlı Fəyyaz müəllimə müraciət etdim. O da böyüklük göstərərək namizədliyini mənim xeyrimə geri götürdü. Düzdü, Fəyyaz müəllimin bu qərarına etiraz edənlər də oldu. Lakin Fəyyaz müəllim təkrar söz alaraq onun qərarına hörmətlə yanaşmasını həm seçicilərindən, həm də həmkəndlilərindən xahiş etdi. Böyük ürək sahibi olduğuna görə, Fəyyaz müəllimə təşəkkür edirəm”.
Çingiz Qənizadə onu da qeyd edib ki, dairədə ən güclü namizəd olduğu üçün bəzi rəqibləri çirkin əməllərə əl atırlar:
Məsələn, dünən Dünyamalılar kəndində böyük izdihamlı görüşüm 20-dən artıq saytda getsə də, görüşdən əvvəl qeyd etdiyim kimi İxtiyar Şirinovun oğlu Hikmət Şirinovun öyrətdiyi 10 nəfərə yaxın adam görüşü pozmağa cəhd etdilər. Bu zaman kəndin nümayəndələri və seçiciləri ilə onlar arasında anlaşılmazlıq oldu. Sonra onları oradan uzaqlaşdırdılar. Bu görüntüləri də müəyyən adamlar qəsdən çəkirlər və sonra da You-Tube kanalı ilə əlaqəli olan və bu dairədə marağı olan insanlara göndərərək görüşlərdə bu cür halların olması ilə bağlı fikirlər formalaşdırırlar.
Xüsusilə Tapdıq Abbasın bu dairədə özünün bibisi nəvəsinin namizəd olduğunu nəzərə alsaq Tapdıq Abbas qara piarın başında durur. Bu cür görüntülərdən istifadə edərək sosial şəbəkələrdə və You-Tube kanalında dairə və namizədlər haqqında ağlına gələn təxribat xarakterli verilişlər hazırlayırlar. Təəssüf ki, qara piar verilişlərini verərkən azacıq hissədə təxribatçılarla camaat arasında olan mübahisəni göstərirlər. Halbuki Dünyamalılar kəndindəki görüş zamanı ziyalılar, müəllimlər, ağsaqqallarla birlikdə cənab prezidentin həmin kənddə inşa elətdirdiyi 625 nəfərlik müasir məktəbə baxış keçirtmişik. Birlikdə olmuşuq. Hesab edirəm ki, təxribatlar əhəmiyyətsiz şeydir. Bu da ona köklənib ki ümidini yalnız sosial şəbəkələrə bağlayan namizədlər bundan istifadə edə bilərlər.
Fəyyaz müəllim kütlə qarşısında namizədliyini geri götürərkən onun yanında idim. Birlikdə müraciət etdik. Bu zaman həmin kənddən olan digər bir namizədin adamları belə hesab etdiər ki Fəyyaz müəllimin geri durması Çingiz Qənizadənin gücünü bir az da artırdı. Buna görə də bəziləri təxribat törətməyə və səs-küy salmağa çalışdılar. Həm Fəyyaz müəllimə, həm də hökumətə qarşı əks fikirlər yürütməyə cəhd etdilər. Araşdırmalarımız zamanı məlum oldu ki, Xalq Cəbhəsinin və Müsavat Partiyasının üzvü olan insanlardır. Onlar üçün kimin parlamentə düşəcəyi maraqlı deyil. Onlar bunu etməklə yalnız hökumətin siyasi kampaniyasını kölgə altına almaq, insanları çaşdırmaq məqsədi daşıyırlar. Sosial şəbəkələrdə daha da aktivləşiblər. Əllərində telefon 2-3 dəqiqəlik mübahisələri narazılıqları çəkərək paylaşırlar. Təəssüf ki, bəzi namizədlər bütün gücünü digər rəqiblərinə qarşı qara piarlar üzərində qururlar. Hesab edirəm ki, bunlar əhəmiyyətsizdir. Son sözü seçici deyəcək.
Onu da qeyd edim ki, dairəmdə 40 kənd və 49 məntəqə var. Artıq görüşlərim yekunlaşır. 40 kəndin 36-da görüşlər keçirtmişəm. Bu cür hallar 40 kəndin 2, ya da 3 kəndində baş verib. Bu da onu göstərir ki, seçicilərimin böyük əksəriyyəti seçki prosesinə dəyər və qiymət verir. Hesab edirəm ki, radikal müxalifətin hazırladığı şoular onların ürəyində qalacaq. Ayaq tutub yeriməyəcək”.
Qara piardan istifadə edənlərə cavab olaraq, fotolar Dünyamalılar kəndindəki görüşlərdəndir: