Siyasət
11:16, 09 Aralık 2020

İcra başçısının həbs səbəbi məlum oldu: Şəhid ailəsi...

İcra başçısının həbs səbəbi məlum oldu: Şəhid ailəsi...
Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovu həbs edib. 2018-ci ilin fevralın 6-da bu posta təyinat alan Namiq Zeynalov rüşvət alarkən tutulub.

Namiq Zeynalovun həbsi başçıların rüşvət və korrupsiya cinayətlərinə görə 2018-ci ildən başlanan həbslərin yeni dalğası hesab edilir. Vəzifəyə ilyarım əvvəl təyinat alan Cəlilabadın icra başçısı niyə tutulan başçıların taleyindən nəticə çıxarmayıb?

Ən çox şəhid verən rayonlardan biri olan Cəlilabadda nə baş verib? İddia var ki, icra hakimiyyəti rəhbərlərinin başları şəhid dəfnlərinə yox, pul yığmağa qarışıb, hədsiz şikayətlər olub. N.Zeynalov bu təyinata qədər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb və yenə rüşvəti "peşə seçib”.

Yeni icra başçılarının təyinatı ilə bağlı dövlət başçısı çıxışlarında bildirib ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır: "Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bütün xoşagəlməz hallara qarşı öz işinizlə ciddi mübarizə aparmalısınız. Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. Bu sahədə sizin dövlət tərəfindən böyük dəstəyiniz olacaqdır, eyni zamanda, geniş ictimaiyyəti də bu işlərə cəlb edin. Çünki ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir. Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir. Birinci növbədə siz vəziyyəti təhlil etməlisiniz və insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə gücünüz çatmayan məsələlər barədə müvafiq mərkəzi icra orqanlarına məlumat verin ki, bu məsələlər operativ şəkildə öz həllini tapsın”.

"Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı musavat com-a deyib ki, Namiq Zeynalov ümumiyyətlə icra başçısı təyin olunmamalı idi: "Çünki Əmlak Komitəsində onun fəaliyyətinə bələd olanlar onun əlindən dad edirdilər. Ümumiyyətlə Azərbaycan icra hakimiyyəti strukturundan imtina etməli, yeni idarəetmə strukturuna keçməlidir. O struktur elədir ki, əli təmiz adamlar da gedib oradakı mühitə uyğunlaşır. Bu gün Ağstafanın başçısı Teymur Orucov, Gədəbəyin icra başçısı İbrahim Mustafayev öz sələflərindən fərqlənmirlər. Halbuki onlar da Cəlilabadın icra başçısı kimi yeni təyin olunublar. Namiq Zeynalov 2018-ci ilin fevralında vəzifəyə təyinat alandan sonra rayonda ilk işi rüşvət yığmaq olub. Təsəvvür edin ki, bu adam bir şəhidin yas çadırının qurulmasına icazə vermək üçün 2 min 700 manat alıb. Bu adam şəhidin yaxınlarından pul alırsa, oradakı iş adamlarının, idarə rəislərinin, zavod direktorlarının durumunu təsəvvür edin. Cəlilabad 44 günlük Vətən müharibəsi günlərində 300-ə qədər şəhid qəbul edib. Bu adam, oranın deputatının birini görən olmadı şəhidlərin məclisində”.

Əvəz Zeynallı deyir ki, idarəetmə strukturu dəyişdirilməsə, yeni təyin olunan başçıların da rüşvətə bulaşmaq ehtimalları olduqca böyükdür.

Tanınmış hüquqşünas Əkrəm Həsənov da bu fikri dəstəkləyir: "Bu gün əlinə qandal vurulmayan, iş başında olub rüşvət yığan başçılar var. Bunu müvafiq orqanlar çox gözəl bilir. Bu adamlar düşünürlər ki, ali hakimiyyətin başı müharibəyə, müharibənin yaratdığı çətinliklərin aradan qaldırılmasına qarışıb, bunlar da onlara etibar edilən rayonlarda nə istəyirlər edəcəklər. Bu məsələni köklü həll etmək lazımdır. Kimi təyin edirlər, etsinlər, düzgün işləməsi mümkün olmayacaq. Düzgün işləmək istəsə belə, onların başında dayanan orta səviyyəli dövlət məmurları buna imkan verməz. Qanunsuzluğa sövq edəcəklər onları. Məsələn zəng edib deyəcək ki, filan qohumum rayona gəlir, onu qarşıla, yedirt, içirt, yola sal. Yəni cibinə 5-10 manat qoy. Məmurların gəlir və xərc bəyannamələri olmayınca, dövlət büdcəsindən xərclər elektron şəkildə aparılmayınca və proses şəffaf şəkildə hər kəsə çatımlılığı təmin edilməyincə, bizlər belə həbslərin şahidi olacağıq. Dövlət satınalma sistemi biabırçı vəziyyətdədir. Əksər tələblərə riayət olunmur, illik planları yoxdur, açıq tenderlər keçirilmir. Bütün bunlar dövlət büdcəsinin oğurlanmasına gətirib çıxarır. Bu məsələ həll olunmalıdır. Məhkəmə sistemi nəhayət ki, ədalətli qərarlar, hökmlər çıxarmağa başlamalıdır. Məmur qorxmalıdır ki, vətəndaş sabah onu məhkəməyə verər, məhkəmə də barəsində ədalətli qərar çıxarar. Bunlar olmayınca, vəziyyət dəyişməyəcək”.
Digər xəbərlər: