Cəmiyyət
11:27, 20 Ekim 2020

“Laçın koridorunu bağlayıb, düşmənin nəfəsini kəsəcəyik” - Polkovnik

“Laçın koridorunu bağlayıb, düşmənin nəfəsini kəsəcəyik” - Polkovnik
"Xudafərin körpüsünün işğaldan azad edilməsi Qubadlı istiqamətində irəliləyişlərdə üstünlük qazanmağımız deməkdir".

Sfera.az xəbər verir ki, bunu ehtiyyatda olan polkovnik Nazim Əhmədov deyib.

Polkovnik bildirib ki, Azərbaycan Ordusu üçün havanın soyuması, qarın, yağışın yağıb palçıq olmasının bir fərqi yoxdur:

"Biz Qubadlını da azad etsək çıxırıq Laçın koridoruna. Həm də Xudafərin körpüsü tarixi bir abidəmiz olduğu üçün, onun işğaldan azad edilməsi insanlar arasında da ruh yüksəkliyi yaradır. Görün, neçə illər sonra Xudafərin körpüsü düşməndən azad edilir. Dediyim kimi, o istiqamətdə gedən döyüşlər gəlib çıxır Qubadlıya, Qubadlıdan biz çıxırıq Laçın koridoruna, heç Zəngilana girmirik, heç zəhmət də çəkmək lazım olmayacaq.

Zəngilanda olan düşmən özü oradan qaçacaq. Laçın koridoruna çıxarkən biz Laçın koridorunu bağlayırıq. Bununla da düşmənin nəfəsini kəsirik.

Qarabağın işğalına son qoyulur

Ermənilərə təminatın böyük əksəriyyəti Laçın koridorundan gəldiyi üçün o zaman onların bütün təminatı kəsilir. Bununla da biz üstünlük qazanırıq. Laçından sonra da Allahın köməkliyi ilə Şuşadır. Bununla da Qarabağın işğalına son qoyulur.

Hansı hava şəraitinin olmasına baxmayaraq ordumuz bu tapşırığı yerinə yetirəcək

Bizim ordu son vaxtlar o qədər təlimlər keçdi ki, qışında da keçdi, yayında da keçdi, toz-torpaqda, palçıqda da keçdi. Ordu üçün havanın soyuması, qarın, yağışın yağıb palçıq olmasının bir fərqi yoxdur. Ordu Ali Baş Komandan tərəfindən qarşılarına qoyulan tapşırığı icra edəcək. Hansı relyef olursa olsun, hansı hava şəraiti diqtə edirsə etsin, bizim ordumuz bu tapşırığı yerinə yetirəcək".
Digər xəbərlər: