Cəmiyyət
"Xarı bülbül"ü yaşadanlar - Yəhudi müəllim Qarabağ zərgərliyini öyrədir
Ali Baş Komandanımızın əmri və müzəffər Azərbaycan Ordusunun uğurla irəliləməsi sayəsində torpaqlarımız işğaldan azad olunur. Zəngin mədəni irsə malik olan Qarabağ torpaqlarının işğaldan azad olunması isə bir çox sahələrin yenidən dirçəlməsi deməkdir.
Qarabağ həm də özünün zəngin faydalı qazıntıları və zərgərlik məktəbi ilə də məşhur olub. Bu gün Qarabağ zərgərliyinin inkişafı və tanınmasına öz töhfəsini verən mərkəzlərdən biri də qaçqın və məcburi köçkünlərin evlə təmin olunduğu "Qobu Park-3" Yaşayış Kompleksində bu ailələrin uşaqları üçün ödənişsiz təlimlərin təşkil olunduğu "Xarı Bülbül"dür. Burada Qarabağ xalçası, kələğayısı ilə yanaşı, zərgərliyi də tədris olunur.
Qarabağ zərgərliyi iki müəllim tərəfindən tədris olunur ki, onlardan da biri əslən yəhudi olan Eduard Şamaryayevdir. Şamaryayev Sputnik Azərbaycan-a maydan etibarən fəaliyyətə başlayan kurs haqda ümumi məlumat verib:
"Burada uşaqları lazım olan materiallar, alətlərlə, eyni zamanda da gümüşlə təmin edirik. Sonda bu uşaqların işlə təmin edilməsinə də yardım göstərəcəyik. Məsələn, onlardan ikisini burada müəllim saxlayıb yüksək maaş verəcəyik, digərlərini isə şəhərdə işlə təmin edəcəyik".
Şamaryayevin sözlərinə görə, hazırda mərkəzdə iki zərgər Qarabağ zərgərliyini tədris edir: "Şahin müəllim müasir zərgərliyi tədris edir, mən isə ənənəvi zərgərliyi öyrədirəm. Elə nümunələr var ki, onları əllə hazırlamaq mümkün deyil. "Xarı bülbül"ü yaradan elə yaradıb ki, biz onun eynisini yarada bilmirik. Bunun üçün müasir texnologiyalar zərgərlərin köməyinə gəlir. Dizayn proqramları vasitəsi ilə həmin model yığılır, daha sonra 3D printerlə həm material şamla damcı-damcı çap olunur və yavaş-yavaş həmin model yığılır. Daha sonra şam donur qalır, printer söndürülür və beləcə qəlib götürülür".
Müəllim qeyd edib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Nəsimi Nərimanovun dəstəyi ilə onlara lazım olan avadanlıqları əldə edə bilirlər.
Onun sözlərinə görə, müasir zərgərliyin əsas üstünlüyü bütün dünyadan sifarişlərin götürülməsindədir. Bundan başqa, tələbələr bir ay öyrəndikdən sonra artıq sifarişlər götürməyə başlayırlar. Bu zaman onlara müəllimləri də kömək edir.
Burada Qarabağ zonasına aid əşyalar toplanaraq onların zərgərlik baxımdan əhəmiyyəti öyrənilir. 15-20 tələbədən ibarət təlim kursunda artıq qaçqın statusundan azad olunan gənclər də var.
Artıq bəzi tələbələr bu gün müəllimlik statusu alaraq həm qazanc əldə edir, həm də tələbə yetişdirirlər. Həmsöhbətimiz deyir ki, ABAD-ın Quba mərkəzində bir müddət əvvəl tələbəsi olan gənclər bu gün artıq yüksək maaşla orada müəllim olaraq çalışırlar.
22 ildir bu işlə məşğul olan, zərgərliyi tədris edərək sənətin bütün xırdalıqlarını tələbələrinə öyrədən Şamaryayev deyir ki, burada tələbələr çətindən asana doğru öyrənərək biliklərini tamamlayırlar:
"Kursumuz həm nəzəriyyə, həm də praktikadan ibarətdir. Nəzəriyyə hissəsində unsiyalar, qiymətlər, metalların fərqlilikləri və s . öyrədilir. Çünki zərgər tək zərgərliyi yox, iqtisadiyyatı, kimyanı, fizika, coğrafiya. tarix və incəsənəti bilməlidir. Mənim bütün bu bilikləri özündə cəmləyən proqramım var. Praktikada ilk olaraq metal seçilir. Əşyanın layihəsi çəkilir".
E.Şamaryayev deyir ki, müəssisənin rəhbəri, Laçından olan Azər Rəsulov və Xalça Muzeyinin böyük dəstəyi ilə Qarabağ zərgərliyinə aid nümunələrin fotoları toplanıb.
Söhbət əsnasında metalın əridilməsi, valts adlanan alətdə yayılması, müxtəlif ölçülərdə, eyni zamanda da insan tükü qalınlığınadək məftillərin çəkilməsi, ləhimləmə əməliyyatları, elementlərin birləşdirilməsi, bir sözlə, zərgərlik nümunələrinin necə hazırlanması prosesinin şahidi olduq.
Burada tələbələrin ilk əli işlərindən ibarət muzey də fəaliyyət göstərir. E.Şamaryayev deyir ki, gələcəkdə İçərişəhərdə Komitə tərəfindən mərkəzdə ərsəyə gələn əl işlərinin satışını həyata keçirən dükanın açılması da planlaşdırılır.