Cəmiyyət
Mehmanxanaların gəlirləri əvvəlki ilə nəzərən dörd dəfə azalıb
2020-ci ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 3,3 dəfə azalaraq 999,8 min olub.
Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 5,4 dəfə azalaraq 416,7 min olub. Bu da ümumi gecələmələrin 41,7 faizini təşkil edib.
2020-ci ildə mehmanxanaların gəlirləri 2019-cu illə müqayisədə 3,9 dəfə azalaraq 116,8 milyon manat olub. Bunun 60,2 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 29 faizi ictimai iaşə xidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2020-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 6,5 faiz səviyyəsində olub.
Qeyd edilib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib. 2020-ci ilin mart ayından başlayaraq bu sahədə ciddi tənəzzül davam edib. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınıb.