Gündəm
21:22, 11 Ocak 2021

"Sarı mətbuatın prinsipləri medianı ağuşuna alıb"

"Sarı mətbuatın prinsipləri medianı ağuşuna alıb"
Bu gün cəmiyyətin narazı qaldığı məsələlərdən biri də informasiya sahəsindəki vəziyyətdir. İnsanlar bir məlumatı müxtəlif variantda istehlak edir. İnformasiyanın ya qərəzli, ya da yalan olmasından narazılıq edilir.

Bəs bu problemlər nədən qaynaqlanır?

Teletənqidçi, əməkdar jurnalist, professor Qulu Məhərrəmli bildirib ki televiziyaların, yazılı mətbuatın, xüsusilə də saytların qeyri-peşəkarlığı və məlumatları düzgün verməməsi problemləri var.

Professor hesab edir ki, problemin çox ciddi səbəbləri var:

“Birinci səbəb peşəkarlıqdır ki, indi saytlar, platformalar çoxalır, amma onları idarə edən peşəkarlar çatışmır. Yaxşı media qurumları var, amma çoxluq peşəkarlıq baxımından çox geridir. Ümumiyyətlə, sarı mətbuatın prinsipləri medianı ağuşuna alıb, sensiyaya meyil artıb. İnformasiyalar qeyri-dəqiqdir, yalançı hay-küyə yer verilir. İkincisi səbəb isə qanunvericiliklə bağlıdır. Yəni medianın, KİV-in kifayət qədər yaxşı hüquqi bazası var, amma qanunda qoyulan müddəalar yerinə yetirilmir. Bu birinci növbədə jurnalistlərin məlumat alma imkanları ilə bağlıdır. Çünki müəyyən olunmuş qaydada informasiya almaq azadlığına uyğun olaraq lazım olan məlumatları cavabdeh insanlardan almaqda çətinlik var. Çətinliyin də əsas səbəbi budur ki, məmurlar mediadan uzaq qaçır. Məlumatların dəqiqləşdirilməsi və əlavə məlumatların verilməsi sahəsində ciddi problemlər var”.

“Digər məsələ jurnalistlərin qanundan irəli gələn bir çox məsələlərə əməl etməmələri, materialları dəqiqləşdirməmə və media etikasına uyğun hərəkət etməmələridir. Media platformalarının sayı çoxaldıqca orada işləyən ixtisaslı kadrların olmaması, onların dil bilgisi, informasiya və jurnalistika bilgisi geridə qalır. Ona görə də nəticədə dediyimiz mənzərə yaranır. Mənbəyini bilmədiyimiz bir məlumatı niyə çap edirik? Elementar qaydalar var ki, bir məlumatı ən azı iki mənbədən dəqiqləşdirilməlidir. Xüsusən təxribat havası yarada biləcək məlumatlar mütləq dəqiqləşdirilməlidir. Həm rəsmi qövlət qurumlarından, həm də media qurumlarının özünün əlavə informasiya qaynaqları olmalıdır. Çünki indi həssas zonada tez-tez dəyişən hadisələr ola bilir. Buna görə nüfuzlu media qurumları xəbər mənbələri saxlamalıdır ki, belə hallarda məlumatı dəiqləşdirsinlər. Amma bu yoxdur, çünki medianın tələb etdiyi səviyyədə iş qurulmayıb. Bizdə informasiyaların çoxu telefon zənglərinə söykənir. Heç kim hadisə yerinə getmir, məlumatı dəqiləşdirmir. Nəticədə də kənardan yönəldilən təxribat tələsinə düşürlər. Bu da peşəkarlıq məsələsinə gəlib dayanır", - Q.Məhərrəmli deyib.

Onun sözlərinə görə, jurnalistlər həssas məqamları işıqlanıdırarkən daha dəqiq, düşüncəli olmalıdırılar:

"Belə olanda da cəmiyyəti doğru olmayan məlumatlarla təmin edirik. Nəticədə də oxucu həm öz həyatı, həm cəmiyyət, həm də hakimiyyətin fəaliyyəti ilə bağlı səhv qərarlar çıxarır. İnformasiyaya verilən tələblər göydəndüşmə deyil. İnformasiya dəqiq, dolğun, tam qərəzsiz və balanslı olmalıdır. Bu suallara cavab verəyəndə yarımçıq informasiyalar həmişə yanlış qənaətlər formalaşdırır”.

Teletənqidçi ölkə mətbuatının indiyə qədər donuq vəziyyətdə olduğunu da vurğulayıb:

“Çox yanlış informasiya siyasəti aparılırdı. İndi media ilə bağlı qurumların rəhbərləri dəyişib. Ümumiyyətlə media və cəmiyyəti məlumatlandırmaq sahəsində ciddi islahatlara ehtiyac var. Yəni biz nə istəyirik, necə media görmək istəyirik suallarına cavab tapmalıyıq. Təbii ki, azad və müstəqil xəbər mediasını yaxşılaşdırmağa ciddi ehtiyac var. Yoxsa sözdə bir cür, əməldə bir cür olmaq olmaz. Biz KİV-ə pul ayırırıq, onlar da işləyirlər, yola veririlər və s. bu media siyasəti deyil. Biz azad, müstəqil alternativ media yaratmalıyıq ki, onlar cəmiyyəti doğru, dürüst və keyfiyyətli informasiya ilə təmin etsin. Bundan sonra yeni quruma yox, qurumların səmərəli fəaliyyətinə ehtiyac var. Mənasız, heç kimin oxumadığı qəzetlərə dövlətin 10-100 minlərlə vəsaitini xərcləməsinlər. Cəmiyyəti ifadə edən qəzetlərin fəaliyyəti üçün pul ayırılmalıdır ki, bizi informasiya ilə təmin etsinlər. Necə ki 10 il qabaq bizdə keyfiyyətli media nümunələri vardı. Hazırda print mediada müəyyən dirçəliş var. Xüsusən də, Vətən müharibəsi zamanı və ondan sonra müəyyən keyfiyyət hiss olunur. Start nöqtəsindən yeni addımlar atılır. Lazım olan mövzular işıqlandırılır. Amma indi onlar üçün ən ciddi məsələ satış məsələdir. Xüsusən də əldə satış olmalıdır. Köşklərdə satış var, amma tiraj çox azdır. Rayonlara, bölgələrə qəzetlər göndərilmir”.

Q.Məhərrəmli qəzetdəki matrealla saytlardakı matrealları müqayisə edib:

“Saytlar vizuallıq, linklərə istinad, arxiv baxımından istifadəçilərin qarşısında ciddi imkanlar açır. Amma təəssüf ki, bir çox saytlar köhnə, dədə-baba qaydasından kənara çıxmır və müasir informasiya-kommunikasiya texnologiyalarından yaxşı istifadə etmir. Bütün hallarda bizim çox böyük texnoloji resurslarımız var, amma bunun üçün zehin, düşüncə lazımdır ki, o materialları xeyli dərəcədə maraqlı edək. Bu məsələlər ciddi problem doğurur və biz onların öhdəsindən gəlmək üçün çox işlər görməliyik”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna"-"Zerkalo" nəşrlərinin baş redaktoru Elçin Şıxlı da “Report”a açıqlamsında ölkə jurnalistikasında problemlərin olduğunu və media sahəsində jurnalistikadan xəbəri olmayanların çox olduğunu bildirib:

“Son zamanlar sosial platformaların çıxmasından sonra hamı yazır, hamı bloger olub, amma belə halda peşə etikasından danışmaq mümkün deyil. Çünki yazanlar vətəndaş jurnalistikası məfhumunun nümayəndələridir. Ölkə konsitutsiyasında hər bir vətəndaşın informasiya almaq, axtarmaq və yaymaq hüququ var. Amma informasiyanın doğru dürüst olması məsələsi var ki, peşəkar olan, jurnalistika peşəsinin bir üzvü olan insanlar bütün qaydalara riayət edirlər. Vətəndaş jurnalistikası məfhumunun ünsürləri təbii ki xəbəri verirlər, amma doğru, dürüstlüyünə heç bir zəmanət yoxdur”.

"Mən peşəkar jurnalist kimi hansısa informasiyanın doğru-dürüstlüyünü yoxlamağı bacarmalıyam. Əgər informasiya-kommunikasiya texnologiyalarından istifadə etməyi bacarıramsa, mən hər hansı bir informasiyanın “fake” olduğunu təsdiqləyə bilərəm. Müharibə zamanı erməni tərəfindən Peqov adlı şəxs vardı ki, o, yalandan reportaj verirdi ki, Hadrutdadır. Amma həmin ərəfədə Azərbaycan Ordusu oranı azad etmişdi. Sonradan gənc həmkarlar vardı ki, onlar google vasitəsi ilə onun həmin reportajı hardan hazırladığını tapdılar. Məlum oldu ki, Hadruta heç bir aidiyyatı yoxdur. Yəni informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək bacarığı bu yerdə lazımdır. Amma bu, tam peşə deyil. Peşəyə əlavə kimi lazımdır. Artıq söhbət sırf jurnalistikadan deyil, informasiya savaşından gedir. Mənə onu bilmək üçün ayrıca kurs keçilsin, amma gənclərimiz var ki, onlar jurnalsit olmasalar da, bu texnologiyalardan başları çıxır. İki sahəni uzlaşdırmaq lazımdır",- E.Şıxılı vurğulayıb.

"Eşitdiyimə görə "KİV haqqında" qanuna müəyyən dəyişikliklər edilməlidir, yeni qanun layihəsi hazırlanır. Parlamentə təqdim olunmalıdır. Düzdür, Milli Məclis üzvlərinin bəzilərindən maraqlanmışam. Hələ onlara gedib çatmayıb, yəqin olar. Həm pandemiya ilə, həm də zəfərlə başa vurduğumuz müharibə ilə əlaqədar işlər qarışıqdır. Mənə elə gəlir ki, yayılanlar şayiədən çox, məqsədə uyğundur. Hər halda bu xəbəri təkzib edən olmayıb. Burada söhbət yeni qurumun yaradılmasından deyil, yanaşmadan irəli gələn tələblərin qurumun restrukturizasiyasına gətirib çıxara bilməsindən gedir. Bütün qurumlar nizamnaməyə uyğun fəaliyyət göstərməldir. Amma KİVDF-nin bundan əvvəlki rəhbəri nizamnamənin tələblərinə 10-20 fazi riayət edirdi. Oradakı tələblərə riayət olunsaydı, işlər yaxşı olardı. O qurumun rəhbərindən və istiqamət verənlərin niyyətlərindən çox şey asılı idi. Elə deyirik ki, Azərbaycan jurnalistikasında problem var, Azərbyacan jurnalistikasında qeyri-peşəkarlıq çoxdur. Məhz bu problemləri həll etmək üçün yeni nəfəs lazımdır və işlər yenidən qurulmalıdır", - baş redaktor bildirib.(report.az)
Digər xəbərlər: