Gündəm
Əfqanıstanın XİN rəhbəri: “Türkiyə hərbçiləri öz mütəxəssislərini qoruyacaq”
Əfqanıstan hökuməti Kabil hava limanının real təhlükəsizliyini təmin edəcək, türkiyəli hərbçilərdən ibarət kiçik bir qrup isə hava trafiki sahəsində türkiyəli mütəxəssisləri, kommunikasiyaları və hava limanında çalışanların yanğın təhlükəsizliyini mühafizə edəcək.
Bu sözləri “İzvestiya” qəzetinə müsahibəsində Əfqanıstanın XİN rəhbəri Məhəmməd Hənif Atmar deyib.
“Türkiyə hökuməti Kabil hava limanının təhlükəsizliyini təmin etməyə hazırlaşmır. Onlar hava trafiki, kommunikasiyalar, yanğın təhlükəsizliyi sahəsində mühüm xidmətləri təmin edirlər. Hava limanının daxilində onların əsgərləri olacaq. Ancaq həm hava limanının xaricdən, həm də daxildən təhlükəsizliyini Əfqanıstan hökuməti təmin edəcək”, - deyə Əfqanıstanın XİN rəhbəri bildirib.
XİN rəhbərinin sözlərinə görə, Türkiyə hökuməti məsələni ilk növbədə Əfqanıstanla müzakirə edib və razılığa gəlib. Bundan sonra məsələ NATO və ABŞ-la müzakirəyə çıxarılıb:
“Mənim türkiyəli həmkarım, mənim dostum Mövlüd Çavuşoğlu bir neçə həftə əvvəl bildirib ki, Əfqanıstan hökuməti Türkiyəni hava limanında bu vacib beynəlxalq standart əməliyyatı icra etmək üçün dəvət edir”.