Gündəm
Nazirlik rəsmisi: “Xəstənin taleyi ilkin mərhələdə qərar verilməsindən asılıdır”
“Bir çox respirator xəstəliklərlə koronavirus infeksiyasının başlanğıc əlamətləri üst-üstə düşür”
Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin sosial şəbəkə hesabındakı canlı yayımda sualları cavablandırarkən deyib.
O bildirib ki, xəstəliyin ilkin əlamətləri burun tutulması, burun axması, boğaz ağrısı, baş ağrısı, qızdırmadır:
“Ona görə də insan ilkin olaraq bilmir ki, qrip olub, yoxsa koronavirusa yoluxub. Belə olan hallarda tövsiyəmiz odur ki, özlərini izolyasiya etsinlər. Daha sonra ərazi üzrə ailə sağlamlıq mərkəzlərinə müraciət edib, vəziyyəti dəqiqləşdirsinlər.
İlkin əlamətlərlə bu cür vəziyyətdə konkret söz demək mümkün deyil. Xəstənin taleyi ilkin mərhələdə qərar verilməsindən asılıdır. Proses qısa zamanda ağciyərə keçə və ağırlaşa bilər. Bəzən evdə müalicə alan xəstələr həkimə gec müraciət edir və ağırlaşmış halda xəstəxanaya gedirlər. Yalnız zəruri həkim müayinələrindən sonra düzgün istiqamətdə müalicə almağı tövsiyə edirəm. Əks halda gecikmə səbəbindən xəstələr ağır fəsadlaşma ilə üzləşə bilərlər”.
Daha çox xəbər: