Gündəm / Cəmiyyət
Böyük qələbənin başlanğıcı
Azərbaycanın müasir tarixinin möhtəşəm qəhrəmanlıq salnamələrindən olan Aprel döyüşlərinin başlanmasının 6-cı ili tamam olur.
4 gün davam edən bu döyüşlər ordumuzun şanlı Zəfəri, ərazilərimizin bir qisminin işğaldan azad edilməsi ilə nəticələndi. Bu hadisə ölkəmizin hərbi qüdrətinin, ordumuzun qəhrəmanlığının, xalqımızın milli həmrəyliyinin və öz rəhbəri ətrafında sıx səfərbər olmasının təcəssümü kimi tarixə həkk olundu.
Aprel döyüşləri bəlli mətləblərə bir daha aydınlıq gətirdi. Birincisi, bütün dünya və eləcə də işğalcı Ermənistanın ovaxtkı hakimiyyəti bir daha anladı ki, Azərbaycan torpaqlarının işğal altında qalması ilə heç vaxt barışmayacaq, ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Prezident İlham Əliyev çıxışlarında bunu dəfələrlə bəyan etmişdi. Bu baxımdan Aprel döyüşləri göstərdi ki, Azərbaycan dövləti və xalqı heç vaxt torpaqlarının işğal altında qalması ilə razılaşmayacaq.
Bu hadisənin işıq saldığı digər həqiqət isə Ermənistanın yürütdüyü təcavüzkar siyasətin bir daha öz təsdiqini tapması idi. Belə ki, erməni hərbi bölmələrinin cəbhə xəttində Azərbaycan Ordusunun mövqelərinə həmlə etmək cəhdləri, kəndlərimizi ağır artilleriya atəşinə məruz qoymaları, dinc azərbaycanlıları - mülki sakinləri nişan almaları bir daha Ermənistanın işğalçı və terrorçu mahiyyətini dünyaya nümayiş etdirdi. Eyni zamanda bu hadisə artıq öz həllini tapmış Dağlıq Qarabağ probleminin yoluna qoylmasında Ermənistanın konstruktiv mövqe ortaya qoymaqda maraqlı olmadığını göstərdi.
Xatırladaq ki, 2016-cı ilin aprelinə qədər də erməni hərbi birləşmələri cəbhə xəttində təxribatlar törətməyə cəhd göstərmiş və hər dəfə də Azərbaycan Ordusu tərəfindən layiqli cavab almışdılar. 2014-cü ildə baş verənləri buna misal göstərmək olar. Həmin ilin avqust günlərində ermənilər cəbhə xəttində törətdikləri təxribatdan sonra ciddi tələfatla üzləşmişdilər.
Həmin ilin noyabr ayında isə Azərbaycan hərbçiləri cəbhə xəttində düşmənin hərbi helikopterini məhv etmişdilər.
2016-cı ilin aprelində ermənilərin cəbhə xəttində törətdikləri təxribatlar göstərdi ki, genişmiqyaslı hərbi toqquşmalar hər an yenidən alovlana bilər. Bu baxımdan Aprel döyüşləri beynəlxalq arenada bütün diqqəti bir daha artıq həllini tapmış Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi.
Bütün bu qeyd olunanlarla yanaşı, həm də sübut olundu ki, Azərbaycan Ordusu baş verə biləcək müharibəni qısa müddətdə qələbə ilə başa çatdırmağa qadirdir. Çünki həmin günlərdə düşmən ordusu bir həmləyə biabırçı məğlubiyyətə uğradıldı və cəbhənin hərbi əməliyyatlar gedən istiqamətində 22 il idi ki, bərkidib-betonladığı, dinc əhalinin başına güllə, mərmi yağdırdığı mövqelərdən bir gecədə qovulub çıxarıldı.
Azərbaycanda atəşkəs razılaşmasından sonra həyata keçirilən ordu quruculuğunun effektiv nəticələri, Prezident İlham Əliyevin Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması istiqamətində həyata keçirdiyi islahatlar dördgünlük müharibədə öz təsdiqini tapdı. Həyata keçirilən hərbi əməliyyatlar ordumuzun artan gücünü praktik şəkildə sübuta yetirdi. Aprel döyüşləri eyni zamanda ordumuzun peşəkarlıq səviyyəsinin yüksək olduğunu göstərdi. Çünki ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqeləri azad etdi. Həmin strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verdi ki, ordumuz təmas xəttində strateji üstünlüyünü təmin etsin. Eyni zamanda bu döyüşlər Azərbaycan əsgərinin yüksək mənəvi-psixoloji hazırlığını, qələbə əzmini nümayiş etdirdi.
Düşmənin möhkəmləndirdiyi mövqelərdən, xüsusən strateji yüksəkliklərdən geri otuzdurulması, iki min hektar işğal olunmuş ərazinin azad edilməsi göstərdi ki, Azərbaycan Ordusu əzici gücə və hərbi üstünlüyə malikdir. Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda bu barədə deyib: “Biz ordu quruculuğu istiqamətində çox böyük addımlar atmışıq. Bu gün beynəlxalq ekspertlər də qeyd edirlər ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bunu bütün dünya bilir. Bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir. Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik”.
2016-cı ilin aprelində cəbhənin Tərtər və Füzuli istiqamətində baş verənlər Azərbaycanın böyük tarixi qələbəsi, Ermənistanın isə siyasi, iqtisadi və psixoloji məğlubiyyəti kimi tarixə düşdü. Bu hadisə demək olar ki, Ermənistanın ideoloji əsaslarını dağıtdı, bu ölkənin rəhbərliyi məğlubiyyətdən sonra özünü tam şəkildə ifşa etdi. Düşmən həm döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğradıldı, həm də siyasi meydanda heç bir dəstək almadı.
Aprel döyüşləri zamanı Ermənistan bir daha şahid oldu ki, Azərbaycan işğal altındakı torpaqlarını qısa müddət ərzində geri qaytarmağa qadirdir. Düşmən gördü ki, xalqımız ərazi bütövlüyünün bərpası üçün istənilən an müqəddəs savaşa hazırdır. Eyni zamanda bu hadisə göstərdi ki, işğala tam son qoyulacağı gün uzaqda deyil. Bütün bunlar cəmi 4 il yarım sonra - 2020-ci ilin Vətən müharibəsində öz təsdiqini tam şəkildə tapdı. Bu baxımdan Aprel Zəfəri həm də torpaqlarımızın azadlığına gedən yolun başlanğıcı oldu. 4 günlük döyüşdə Ermənistana layiqli dərs verən Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşməni döyüş meydanında tam məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etdi.
Quliyev Nəsib Seyfulla oğlu,
Xızı rayon Dövlət Yanğından Mühafizə rəisi