Gündəm / Siyasət
Bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb
Son vaxtlar Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması da mühüm yer tutur. Son illərdə Azərbaycan Asiya ilə Avropa arasında əvəzolunmaz nəqliyyat-logistika dəhlizinə çevrilməkdədir ki, bunu da şərtləndirən çoxsaylı amillər var. Regional və qlobal miqyasda müşahidə edilən geosiyasi proseslər, ələlxüsus da Rusiya-Ukrayna müharibəsi tranzit daşımaları üçün təhlükəsizlik amilinin nə qədər böyük önəm daşıdığını bütün ciddiliyi ilə gündəmə gətirib. Belə ki, müharibə səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarının fəaliyyəti məhdudlaşıb. Eyni zamanda, müharibə tərəfi olan Rusiyadan daşımaların həcmində kəskin azalmalar müşahidə edilməkdədir. Bu reallıq fonunda daşıma və logistika şirkətləri stabil, təhlükəsiz məkan olan Azərbaycana üz tuturlar. Azərbaycan dövləti ölkə ərazisindən tranzit yüklərinin təhlükəsiz şəkildə daşınmasına təminatlar verir.
Yüksək səviyyəli müasir infrastruktur tranzit daşımaları baxımından Azərbaycana üstünlüklər qazandıran digər bir mühüm amildir. Son illərdə respublikamız Şərq-Qərb, Şimal-Cənub dəhlizləri üzrə yüksək standartlara cavab verən yol-nəqliyyat şəbəkəsi qurmağa nail olub. Əsas məqamlardan biri də ondan ibarətdir ki, ölkə ərazisindən keçən beynəlxalq marşrutlar bir-biri ilə inteqrasiya olunub. Bu, Azərbaycan ərazisində yüklərin müxtəlif istiqamətlərdən qəbul olunmasına və fərqli istiqamətlərə yola salınmasına imkan yaradır. Eyni zamanda, Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanı tikməyə nail olub. Hazırda limanın yaxınlığında azad iqtisadi zona yaradılır. Ölkəmiz Xəzərdə ən böyük və rəqabətqabiliyyətli yükdaşıma donanmasına malikdir.
Respublikanın dəmir yolları xətlərində əsaslı yenidənqurma işləri aparılıb, maddi-texniki baza möhkəmləndirilib. Azərbaycanın moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa marşrutdur. Paralel şəkildə, respublikamızın müxtəlif regionlarında beynəlxalq səviyyəli hava limanları yaradılıb və hazırda bu proses 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə davam etdirilir.
Rusiya-Ukrayna müharibəsi fonunda son vaxtlarda Trans-Xəzər marşrutunun funksionallığı əhəmiyyətli dərəcədə artıb. Bu zəncirdə Azərbaycan əsas halqanı təşkil edir. Hazırda həm Avropada, həm də Asiyada Orta Dəhlizlə yüklərin göndərilməsinə maraq göstərən ölkələrin sayı artmaqdadır. Prezident cənab İlham Əliyev 11 oktyabr tarixində Qırğızıstana dövlət səfəri zamanı qeyd etmişdir ki: “Bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb. İndiki mərhələdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyi xüsusilə vurğulanmalıdır. Artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. Xəzərin bizim tərəfində tam olaraq Avropa istehlakçılarına qədər - həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturu var. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Ələt ticarət limanının potensialı 15 milyon tondan 25 milyon tona qədər artacaqdır.”
Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Bu il Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, dövlətimizin başçısı cənab İlham Əliyevin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri və əldə edilmiş razılaşmalar əlaqələrimizin gələcək konturlarını müəyyənləşdirir. Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin yaradılmasını Süveyş və Panama kanalları kimi dünya səviyyəli layihələrlə müqayisə etmək olar. Dəhliz Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu şəbəkəsinin genişləndirilməsi imkanı¬nı təmin etməklə yanaşı, Asiya–Sakit okean hövzəsindən Türkiyəyə, Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Gürcüstanı birləşdirən bir çox ticarət yolları açacaq. Bu baxım¬dan Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin açdığı yeni imkanlar nəinki Azərbaycan, region, Türk dünyası, eyni zamanda, “Bir kəmər, bir yol” ticari-iqtisadi layihəsini əhatə edən dünya dövlətləri üçün perspektivdir.
Vüsalə Hüseynova,
Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin müəllimi, YAP fəalı