Gündəm / Cəmiyyət
12:06, 18 Ocak 2023

Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə reallaşdırdığı layihələrlə öz fəaliyyətini durmadan genişləndirir

Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə reallaşdırdığı layihələrlə öz fəaliyyətini durmadan genişləndirir

Azərbaycan Respublikası ilə ərəb dövlətləri arasında iqtisadi, ticarət və mədəni əlaqələr inkişaf edir. Prezident İlham Əliyevin ərəb ölkələrinə səfəri, onların Azərbaycana rəsmi səfərləri qarşılıqlı əməkdaşlığın genişlənib inkişaf etdiyinin göstəricilərindəndir. Qeyd edək ki, Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Bu da münasibətlərin inkişafına təkan verir.
Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi başlayıb. Qlobal problemlərin yalnız inklüziv iştirak yolu ilə həll oluna biləcəyinə dair möhkəm inam əsasında qurulan bu platforma davamlı inkişafı təmin edəcək iqlim fəaliyyəti və innovasiyaları müzakirə etmək üçün dövlət başçıları, siyasətçiləri, sənaye liderləri, investorlar, sahibkarlar və gəncləri bir araya gətirir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” energetika şirkəti tərəfindən dəstəklənən bu qlobal təşəbbüs iqtisadi, sosial və ekoloji tərəqqiyə yardım edəcəyi gözlənilir.
Əslində, belə tədbirlərə dəvət həm də ikitərəfli əməkdaşlığın, münasibətlərin göstəricisi sayıla bilər. Bu baxımdan bəzi faktları yada salaq.
Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi artan xətt üzrə inkişaf edir. Birləşmiş Ərəb Əmirlikləri 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci il sentyabrın 1-də ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb. BƏƏ BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Xankəndi-Laçın yolu ətrafında vəziyyətə dair mətbuat bəyanatının layihəsi ilə əlaqədar obyektiv mövqe nümayiş etdirib.
Ümumilikdə ölkəmizin iqtisadi inkişafının əsas göstəricilərindən biri enerji sektorunda əldə edilən uğurlardır. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət və uğurlu enerji strategiyası nəticəsində ölkəmizdə enerji təhlükəsizliyi hələ bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Artıq ölkəmiz bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi üçün çox mühüm konsepsiyalar həyata keçirməkdədir.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev Azərbaycanın bərpaolunan enerji ilə bağlı proqramın tamamilə fərqli gündəliyə malik olduğunu və bunun ölkəmizin ixracını şaxələndirməyə şərait yaradacağını qeyd edib: “Azərbaycan Cənub Qaz Dəhlizi kimi meqa enerji layihəsini reallaşdırmış ölkədir. Ölkəmiz bu meqa layihəni cəmi iki il əvvəl öz tərəfdaşları ilə başa çatdırıb və Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş, uzunluğu 3500 kilometr olan boru kəmərləri sistemini qurub. Məhz belə bir layihənin reallaşması nəticəsində ölkəmizin təbii qaz ixracı artmaqdadır”. Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında Prezident cənab İlham Əliyev bu haqda danışarkən diqqətə çatdırdı ki, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Yəni, 200 qiqavata yaxın potensial var. Əlbəttə ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün bu layihələri mərhələli şəkildə icra edirik, əgər Azərbaycanın təbii qaz ixracı 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım gələcəkdə də davam edəcək.
Prezident İlham Əliyevin yürütdüyü enerji siyasətinin əsas istiqamətlərindən biri də işğaldan azad olunan ərazilərin potensialının qiymətləndirilməsi və istifadə olunmasıdır. Yaxın aylarda Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi planlaşdırılır.
Ötən il dekabrın 17-də Buxarestdə yaşıl enerji ilə bağlı strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması da bu istiqamətdə atılan mühüm addımlardan biri oldu. Bu layihə ilə Azərbaycanın bu sahədə qarşıya qoyduğu əsas hədəf ixrac həcminin genişləndirilməsidir. Beləliklə, bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə də reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktor kimi öz fəaliyyətini durmadan genişləndirir.

Asiyə Əliyeva,
Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi
Digər xəbərlər: