Gündəm / Cəmiyyət
12:10, 18 Ocak 2023

Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri

Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri

Son illər ərzində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır. Ölkəmiz günü-gündən dünya ölkələri üçün etibarlı tərəfdaşa çevrilməkdədir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub.
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında siyasi və iqtisadi sahələrdə əlaqələr uğurla inkişaf edir. Azərbaycanın xarici siyasət kursunda Birləşmiş Ərəb Əmirlikləri ilə əldə edilmiş nəticələr də son dərəcə əhəmiyyətlidir. Ötən müddətdə dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri zamanı aparılmış danışıqlar, əldə edilmiş razılaşmalar, imzalanmış hökumətlərarası sənədlər ikitərəfli əlaqələrin dinamik inkişaf etdiyini təsdiqləyir. Müstəqil Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərin qurulması Azərbaycanın dövlət müstəqilliyinin ilk dövrünə təsadüf edir. Birləşmiş Ərəb Əmirlikləri 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci il sentyabrın 1-də ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb.
Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. 2007-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında ovaxtkı Baş katib Amr Musa ilə görüşüb, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış edib. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin Ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsulların BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Hazırda Azərbaycanda 360 BƏƏ investisiyalı kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət) qeydiyyatdadır.
Ərəb ölkələri, həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir. Ölkə başçılarının qarşılıqlı səfərləri son illər sürətlə inkişaf edən ikitərəfli münasibətlərə əlavə impulslar vermiş və bir sıra uğurlu nəticələrlə yadda qalmışdır. Bu gün ölkələrimiz arasında mövcud münasibətlərin xarakteri deməyə əsas verir ki, dünya siyasətində özünəməxsus yeri olan Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Bu maraq ilk növbədə Azərbaycanın Qərblə Şərqi qovuşduran geostrateji tranzit xətlərinin təmas məkanında yerləşməsi, qlobal enerji və kommunikasiya layihələrinin reallaşdırılmasında aparıcı rol oynaması, habelə zəngin intellektual resurslara malik olması ilə şərtlənir.
Ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya mövcuddur. Bu komissiyanın indiyədək 8 iclası keçirilib. Sonuncu iclas 2021-ci ilin noyabrında Dubay şəhərində baş tutub. Səkkizinci iclasın sonunda imzalanan yekun protokolda ikitərəfli iqtisadi əlaqələr, investisiya, ticarət, yaşıl enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də iki ölkə arasında işgüzar əlaqələrin, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə Biznes Şurası və işçi qrupların yaradılması nəzərdə tutulub. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 68,3 % artaraq 18,081 milyon ABŞ dollarına çatıb. Bunun 6,466 milyon ABŞ dolları ixracın,11,615 milyon ABŞ dolları isə idxalın payına düşüb. Bu da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 20,3% və 2,2 dəfə çoxdur.
BƏƏ tərəfindən Azərbaycan iqtisadiyyatına 2,2 milyard ABŞ dolları, Azərbaycandan isə BƏƏ-yə 350 milyon ABŞ dollarından çox sərmayə yatırılıb. Azərbaycanda sənaye, energetika, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət və sair sahələrdə BƏƏ şirkətləri fəaliyyət göstərir. Eyni zamanda, iki ölkə arasında turizm əlaqələri də genişlənir. 2021-ci ildə Azərbaycan Respublikasına 17 minə yaxın Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı gəlib. 2022-ci ildə Azərbaycana gələn BƏƏ vətəndaşlarının sayı 2 dəfədən çox artıb. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu nəzərə alınaraq birgə müəssisələrin yaradılması, investisiya imkanlarının müəyyənləşdirilməsi və digər müxtəlif layihələrdə iştirakın da daxil olduğu gələcək birgə iqtisadi gündəliyin reallaşdırılması mövcud potensialın maksimum dərəcədə təmin edilməsi işinə xidmət edə bilər.

Füzuli Nəcəfov,
Salyan rayon I Varlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə
Digər xəbərlər: