Gündəm / Cəmiyyət
Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər
Ölkəmiz sistemli diplomatik əlaqələr qurmaqla, bütün türkdilli dövlətlər arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin formalaşması, eləcə də qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi istiqamətində önəmli addımlar atır. Türkdilli dövlətlərlə münasibətlərin qurulması və inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin strateji xəttini təşkil edir. Ulu öndər Heydər Əliyev müasir Azərbaycanı qurub yaradarkən Türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verir, bu istiqamətdə səylə çalışırdı. Məhz onun müəyyənləşdirdiyi təməllər üzərində inkişaf etdirilən bu əlaqələr hazırda özünün ən yüksək səviyyəsindədir. Eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik olan Türk dövlətlərinin bir-birinə yaxınlaşmasında, əlaqələrin qurulmasında, bir sözlə, qardaşlaşmasında Ümummilli Liderin xidmətləri danılmazdır. Hər zaman qardaş ölkələr Ulu Öndərin Türk dünyasındakı rolunu yüksək qiymətləndirirlər. Qeyd etmək yerinə düşər ki, Azərbaycan ilk gündən türkdilli dövlətlərin keçirilən bütün Zirvə görüşlərində yaxından iştirak edib, ölkələr arasında birliyin yaradılmasında əhəmiyyətli təşəbbüslərlə çıxış edib.
Bu gün Azərbaycanın türk dövlətləri ilə əlaqələri intensiv şəkildə inkişaf etməkdədir. Təkcə bu il reallaşan Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri, imzalanan sənədlər və əldə olunan razılaşmalar bu istiqamətdə görülən işlərin miqyasını əks etdirir. Bu il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” iki ölkə arasında əlaqələrin strateji xarakterini göstərir. Yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr tarixində Qırğız Respublikasına səfərini iki ölkə arasında münasibətlərin inkişafı baxımdan yüksək qiymətləndirmək olar. Dövlət başçısı Qırğızıstanda keçirilən görüşlərin, imzalanan sənədlərin ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə əhəmiyyətli töhfələr verəcəyinə, ikitərəfli münasibətləri yeni mərhələyə daşıyacağına ümidvar olduğunu bildirib.
Səfər çərçivəsində “Azərbaycan-Qırğızıstan İnkişaf Fondu”nun yaradılması xüsusi olaraq qeyd edilməlidir. Fond iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsində, iqtisadiyyatın modernləşdirilməsində mühüm rol oynayacaq, həmçinin investisiya sahəsində əməkdaşlığın aktivləşməsinə böyük təkan verəcək. Həmçinin əldə olunan razılaşmalar, imzalanan digər sənədlər bütün sahələrin - təhsil, mədəniyyət, texnologiya, nəqliyyat və digər sahələrin inkişafı üçün də səmərəli olacaq. Son zamanlar dünyada baş verən hadisələr fonunda Azərbaycanın tranzit imkanları daha da genişlənib, ölkəmiz Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağına çevrilib. Bu baxımdan Qırğızıstanla əməkdaşlıq ölkələrimiz arasında ticarət əlaqələrini gücləndirə bilər.
Münasibətlər fonunda Bakı və Bişkek artıq, qardaşlaşmış şəhərlərə çevriliblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının Bişkekdə ən böyük məktəblərdən birinə verilməsi bu dahi şəxsiyyətə olan ali ehtiramın göstəricisidir. Həmçinin, Bişkek şəhərində 103 saylı məktəbə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adının verilməsi, Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması münasibətlərimizin perspektivliyini təmin edəcək. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq. Bütün bunlar iki dövlət arasında dostluq münasibətlərini gücləndirəcək və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.
Dilbər Qurbanova,
Salyan rayon Pambıqkənd kənd tam orta məktəbin direktoru, YAP fəalı
Daha çox xəbər:
Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır
Azərbaycanla Qırğızıstan arasındakı qardaşlıq əlaqələri genişlənməkdədir
Azərbaycan-Qırğızıstan arasında strateji əməkdaşlıq xarici siyasətimizin hədəflərindəndir
İlham Əliyev: “Sədrliyimiz dövründə Türk dünyasını, Türk Şurasını gücləndirmək üçün əlimizdən gələni etdik”
Azərbaycançılıq ideologiyasına xidmət edən siyasət