Gündəm / Cəmiyyət
Azərbaycanla Qırğızıstan arasındakı qardaşlıq əlaqələri genişlənməkdədir
Eyni kökə, ənənələrə, milli xüsusiyyətlərə malik olan Azərbaycan və Qırğızıstan xalqlarının dostluğu, qardaşlığı tarixin və zamanın sınağından çıxmış uzunmüddətli, etibarlı, dayanıqlı və səmimi münasibətlərə əsaslanır. Bu qardaş ölkələr Dostluq və əməkdaşlıq haqqında Müqavilənin 25 illiyini yüksək səviyyədə qeyd etmişlər. Üç aydan sonra isə diplomatik münasibətlərin yaradılmasının 30 illiyi keçiriləcək. Getdikcə güclənən və əhatə dairəsi genişlənən münasibətlər artıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin 2022 –ci il oktyabrın 11 –də Qırğızıstana səfəri zamanı qardaş ölkənin paytaxtı Bişkek şəhərində müxtəlif sahələri əhatə edən bir sıra mühüm qərarlar qəbul edilmişdir. Bu qərarlar arasında Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan –Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişi xüsusilə qeyd etmək lazımdır. Bu baxımdan ölkə başçımız Bişkekdə mətbuata verdiyi bəyanatda vurğulamışdır:” İki ölkə arasında əməkdaşlıq nəzərdə tutulandan daha tez həyata keçir. Qırğızıstan –Azərbaycan İnkişaf Fondunun yaradılması qərarı mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari –iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək. Yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Azərbaycanın iki Peyki –“Azersky” və “Azerspace -1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir. Nəqliyyat –tranzit sahəsində Çin –Qırğızıstan –Özbəkistan –Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınması üçün imkanlar yaranacaq”.
Fərəh hissi ilə qeyd etmək lazımdır ki, iki qardaş ölkə arasında dinamik şəkildə möhkəmlənən, eyni zamanda genişlənən əlaqələr parlamentlər, hökumətlər və aidiyyəti qurumlar arasında fəal, mütəşəkkil qarşılıqlı fəaliyyətlə nəticələnmişdir. Hökumətlərarası birgə komissiyaların, həmçinin İctimai Şuranın yaradılması bir çox önəmli layihələrin uğurla reallaşmasına şərait yaratmışdır. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu Heydər Əliyevin, Azərbaycanın dahi mütəfəkkir şairi Nizami Gəncəvinin adını daşıyan məktəblərin inşası, Qırğızıstan –Azərbaycan Dostluq Parkının yaradılması Azərbaycan və qırğız xalqları arasında möhkəm təməl üzərində qurulmuş qardaşlığın əyani göstəriciləridir.
Ölkə Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatda bu xüsusda qeyd etmişdir: “Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər. Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Qırğızıstan –Azərbaycan Dostluq Parkının açılması münasibətlərimizin perspektivliyini təmin edəcək. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq”.
Dövlətlərarası münasibətlərin dəstəklənməsi, əlaqələrin daha da intensivləşdirilməsi müasir dövrün tələblərinə yüksək səviyyədə cavab verilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qarşılıqlı faydalı biznes və ticarət layihələrinin genişləndirilməsi, dinamik şəkildə öz həllini tapması üçün fəaliyyətin gücləndirilməsi, qarşılıqlı investisiyaların, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat –tranzit sahəsində əməkdaşlığın zəruriliyi həm Azərbaycan, həm də Qırğızıstan iqtisadiyyatının daha da gücləndirilməsində mühüm amillərdir. Həmçinin elm, təhsil, mədəniyyət sahələrində münasibətlərin inkişafı iki qardaş xalqın daha da yaxınlaşması, sıx əlaqələrin qurulmasına önəmli təsir göstərəcəkdir.
Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın İclasında çıxışı zamanı bildirmişdir: “bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb. İndiki mərhələdə nəqliyyat–tranzit sahəsində əməkdaşlığın vacibliyi xüsusilə vurğulanmalıdır. Artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. Xəzərin bizim tərəfində tam olaraq Avropa istehlakçılarına qədər – həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş infrastrukturu var. Çin –Qırğızıstan–Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Ələt ticarət limanının potensialı 15 milyon tondan 25 milyon tona qədər artacaqdır.
Artıq həm gələn il, həm də gələcək illər üçün mədəni gündəlik müəyyən olunub. Azərbaycanda Qırğızıstan mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycan mədəniyyət günlərinin keçirilməsi tamaşaçılarımıza, dinləyicilərimizə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmağa, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmağa imkan verəcək.
Leyla Nəsirova,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qələbə” qəzetinin əməkdaşı