Gündəm / Siyasət
Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır
Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Azərbaycan Qırğızıstanın mühüm tərəfdaşıdır və hər iki ölkə arasında münasibətlər onların ortaq tarixindən, mədəniyyətindən, dilindən, müştərək mənəvi və dini dəyərlərindən irəli gələn möhkəm dostluq və qardaşlıq tellərinə əsaslanır. Artıq, hər iki dövlət arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə keçib və ölkələrimiz arasında əlaqələr konkret mexanizmlər əsasında inkişaf etdirilir.
Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulmuşdur. Diplomatik əlaqələrin yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında bütövlükdə siyasi, iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf etdirmişdir. Müstəqilliyinin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir. 1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı ulu öndər Heydər Əliyev və Qırğızıstanın sabiq prezidenti Əsgər Akayev arasında keçirilən ikitərəfli görüş zamanı iki ölkə arasında münasibətləri möhkəmləndirmək üçün ortaq adət-ənənələrin, mədəniyyətin, dinin ümumiliyi, dil yaxınlığı kimi möhkəm bünövrənin olduğu da vurğulanmışdır. 1995-ci ilin avqustunda Heydər Əliyev Türkdilli Dövlət Başçılarının üçüncü Sammitində iştirak etmək üçün Qırğızıstana səfəri zamanı Bişkekdə "Manas" dastanının 1000 illik yubileyinə həsr edilmiş tədbirdə də iştirak etmişdir.
Əsgər Akayevin Azərbaycana ilk rəsmi səfəri 1997-ci il aprelin 23-də Heydər Əliyevin dəvəti ilə baş tutmuşdur. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmiş, nümayəndə heyətinin iştirakı ilə Azərbaycan-Qırğızıstan danışıqları aparılmışdır. Səfər zamanı Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Qırğızıstan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında saziş, turizm sahəsində əməkdaşlıq haqqında sazişlər də daxil olmaqla müxtəlif sahələri əhatə edən sənədlər imzalanmışdır.
Qırğızıstanın sabiq prezidenti Əsgər Akayev 1998-ci il sentyabrın 7-8-də Bakıda keçirilən TRACECA proqramı çərçivəsində tarixi İpək Yolunun bərpasına həsr olunan beynəlxalq konfransda iştirak etdiyi zaman "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş" və onun Texniki Əlavələri sənədi imzalanmışdır. Bundan başqa, 2000-ci il aprelin 8-9-da Türkdilli Dövlət Başçılarının Bakıda keçirilmiş VI Zirvə görüşündə və "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubiley tədbirlərində də dövlət başçıları qarşılıqlı nitq söyləmişlər. Heydər Əliyev və Əsgər Akayevin növbəti görüşü 25 yanvar 2000-ci ildə baş tutmuşdur.
2001-ci ilin 26-27 aprel tarixlərində İstanbulda Türkdilli Dövlət Başçılarının Zirvə Toplantısı keçirilmiş, həmin ilin 1-3 avqust tarixində Soçi səhərində MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşləri olmuşdur.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət Qırğızıstan və Azərbaycan arasında münasibətlərin perspektivlərinə dərin inam hissi oyadır. 17 noyabr 2006-cı il tarixində Antalyada keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının VIII Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyev Qırğızıstanla humanitar və energetika sahəsində əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü vurğulamışdır. 3 oktyabr 2009-cu il tarixdə Naxçıvan şəhərində Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə görüşündə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında sazişin vacibliyi müzakirə olunmuşdur.
Qırğızıstan və Azərbaycan ölkələrinin artan beynəlxalq nüfuzu, iqtisadi inkişafının perspektivi, coğrafi və geosiyasi vəziyyəti, eləcə də iki türk xalqı arasında tarixən yaranmış dostluq və qardaşlıq əlaqələrini nəzərə alaraq, iqtisadi-ticari, siyasi, mədəni və digər sahələrdə qarşılıqlı surətdə ikitərəfli faydalı əməkdaşlığın geniş spektrdə güclənməsinə diqqət yetirir. Hər iki respublikanın dövlət başçıları keçirilən görüşlərdə neft-qaz, energetika, turizm, maliyyə və bank sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə, birgə müəssisələrin yaradılmasına, sahibkarlıq subyektləri və birlikləri arasında əlaqələrin gücləndirilməsinə, mədəni əlaqələrin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirlər. 2016-cı ildə MDB Dövlət Başçıları Şurasının iclasında, 2018-ci ildə isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün Qırğızıstana səfər edən cənab İlham Əliyev keçirilən görüşlərdə əlaqələrin inkişafına mühüm töhfələr vermişdir.
İkitərəfli münasibətlərdə qardaşlıq, dostluq əlaqələri açıq-aydın görünür. 2022-ci il aprelin 20-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri iki ölkə arasında əməkdaşlıq tarixində yeni səhifə açmışdır. Yüksək səviyyədə aparılmış müzakirələr nəticəsində əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə təkan vermişdir. Səfər çərçivəsində dövlət başçıları tərəfindən birgə bəyanat və nəqliyyat tranzit, iqtisadi və humanitar sahələr üzrə 10 sənəd imzalanmışdır. Dövlət başçılarının birgə bəyanatında Qırğızıstanın və Azərbaycanın bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədikləri bir daha təsdiqlənmişdir.
Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin 11 oktyabrında Qırğızıstan Respublikasına səfəri iki qardaş dövlət və xalq arasında əlaqələrin inkişafı, münasibətlərin yeni müstəviyə keçməsi baxımından çox önəmlidir. Bu səfərdə imzalanan sənədlər Azərbaycanın bölgədə, o cümlədən dünyada, xüsusən də türk dövlətlərinin birliyi istiqamətində yürütdüyü aktiv siyasətin davamı kimi də qəbul oluna bilər. Bütün bu fəaliyyətlər Vətən müharibəsindən sonra nüfuzu daha da artmış Azərbaycanın xarici siyasətinin uğurlu olmasının göstəricisidir.
Tariel Atamalıyev,
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru