Gündəm / Cəmiyyət
13:35, 18 Ocak 2023

Əbu-Dabi Dayanıqlılıq Həftəsi və Meqa enerji layihəsi

Əbu-Dabi Dayanıqlılıq Həftəsi və Meqa enerji layihəsi

İlkin olaraq onu qeyd etmək lazımdır ki, bu tədbirə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycana və onun liderinə olan böyük inamın, etimadın və hörmətin təzahürüdür. Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı qeyd etdiyi kimi “Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir”. Bildiyimiz kimi 2022-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurasında Ermənistan və Fransa Azərbaycana qarşı sənəd qəbul olunmasına çalışmışdı. Amma təşkilata qeyri-daimi üzv olan Birləşmiş Ərəb Əmirlikləri də belə bir cəhdin qarşısının alınmasında fəal iştirak etdi. Bu, əsl dost ölkənin dəstəyi idi. Cənab Prezident İlham Əliyev də görüşdə bu məsələyə toxunaraq Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu bəyan edib.
2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Həmçinin qeyd etdi ki, quruda 27 qiqavatlıq külək və günəş enerjisi imkanımız var. Vətən müharibəsi zamanı azad edilmiş ərazilərimizdə 10 qiqavatlıq külək və günəş enerjisi imkanımız var. Eyni zamanda Xəzər dənizinin Azərbaycan hissəsində nəhəng həcmdə, yəni 157 qiqavatlıq külək enerjisi potensialına malikik.
Bundan başqa 2021-ci ilin aprel ayında Azərbaycan Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.
Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasiminə dəvət olunması dinamik inkişaf edən, mühüm beynəlxalq layihələrin müəllifi və təşəbbüskarı olan ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Azərbaycan təkcə neft, təbii qaz deyil, eyni zamanda bərpa olunan enerjini, neft-kimya məhsullarını dünya bazarına ixrac edir və bu da Azərbaycanın artan iqdisadi gücünün bilavasitə təsdiqidir. Bütün bu səbəblərdən Azərbaycana beynəlxalq aləmdə olduqca etibarlı tərəfdaş kimi yanaşırlar.

Yaşar Rzayev,
Salyan şəhər 2 saylı tam orta məktəbin müəllimi

Digər xəbərlər: