Gündəm
11:46, 17 Ekim 2023

Ölkəmiz MDB ölkələri ilə əməkdaşlığa böyük önəm verir


Məlum olduğu kimi, oktyabrın ayında Bakıda MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının (SORB) 53-cü iclası keçirilmişdir. İclasda ölkəmizin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəisi ilə yanaşı, MDB dövlətləri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri, MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbəri, eləcə də Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan respublikalarının təhlükəsizlik orqanlarının rəhbərləri iştirak etmişdir. Cənab Prezident İlham Əliyev də iclas iştirakçılarını qəbul etmiş və onlarla görüş keçirmişdir. Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa böyük önəm verir. Biz bərabərhüquqlu əməkdaşlıq edən, ərazi bütövlüyümüzü və suverenliyimizi tanıyan bütün təşkilatlarla qarşılıqlı münasibətlərimizi inkişaf etdiririk. MDB ölkələri ilə əməkdaşlıq da ölkəmizin xarici siyasət kursunda xüsusi yer tutur.
MDB çərçivəsində əməkdaşlığımız iqtisadi, ticarət, enerji, tranzit-nəqliyyat, elm, təhsil, səhiyyə, mədəniyyət, bir sözlə hər sahədə olduqca yüksək səviyyədədir. MDB-yə üzv olan ölkələr son dövrlərdə Avrasiyanın nəqliyyat-logistika mərkəzinə çevrilmiş ölkəmizin tranzit imkanlarından və nəqliyyat dəhlizlərindən geniş istifadə edirlər. Nəqliyyat təhlükəsizliyi başda olmaqla, əlbəttə, bütün bu sahələrdə olan əməkdaşlıq əlaqələri təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsini də zəruri edir. İnformasiya texnoligiyalarının, texnikanın inkişafı, bəzən təhlükəli tendensiyaların və dövlətlərin təhlükəsizliyinə yeni təhdidlərin yaranmasına səbəb olur.
Ümumiyyətlə, son dövrlərdə dünyada təhlükəsizlik və geosiyasi cəhətdən köklü dəyişikliklər baş verib, yeni münaqişə ocaqları yaranıb. Bir çox hallarda hərbi münaqişələrin və terrorçuluğun artması paralel olaraq digər cinayətlərin də artmasına və ya ən azından belə artış üçün şəraitin yaranmasına səbəb olur. Xüsusən, mütəşəkkil cinayətkarlıq, dini ekstremizm, narkotik vasitələrin, odlu və partlayıcı silahların qanunsuz dövriyyəsi, insan alveri, qaçaqmalçılıq halları artır. Bu baxımdan regionumuzda təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsi olduqca vacibdir. Bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində də MDB ölkələlri ilə təmasların daha da möhkəmləndirilməsi regionumuzun inkişafına xidmət edir. Odur ki, MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən 53-cü iclasında həyata keçirilən müzakirələr olduqca əhəmiyyətlidir. Təhlükəsizliyin əsas şərtlərindən biri daim operativ və düzgün informasiya mübadiləsinin təşkil edilməsidir. Bundan başqa qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşlarımıza qanunlara dönmədən əməl edilməsinin təbliğ edilməsi, hüquq pozuntularının vaxtında aşkarlanması və pozuntunu törədən şəxslərin məsuliyyətə cəlb edilməsi, cəzasızlıq mühitinin formalaşmasına imkan verməmək və ən başlıcası təhlükəsizlik və xüsusi xidmət orqanlarının işinin qərəzsiz, obyektiv, düzgün qurulması təhlükəsizliyin təməl şərtlərindəndir.
Onu da qeyd edək ki, MDB məkanında sabitliyin pozulmasına yönələn destruktiv fəaliyyət, seperatizm meyilləri, hərbi münaqişələr təhlükəsizliyimizin əsas təhdidlərindən biridir. Qürurverici haldır ki, MDB məkanında mövcud olan, insanların həyat və sağlamlığı başda olmaqla, bütövlükdə regionun sabitliyinə və inkişafına mane olan belə təhdidlərdən biri- Azərbaycanın Qarabağ bölgəsindəki seperatizm və hərbi münaqişə Müzəffər Ali Baş Komandanımız və Şanlı Ordumuz sayəsində tarixə qovuşmuşdur. Bundan sonra Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşmasına hazırdır. Ermənistanın və vasitəçilik etməyə çalışan digər ölkələrin və təşkilatların bütün təklifləri beynəlxalq hüquqa uyğun olaraq ölkəmiz tərəfindən təhlil ediləcək və sülh sazişi üzərində işləməyə davam edəcəyik. Bununla da MBD məkanının mühüm hissəsi olan Cənubi Qafqazda sülh və əmin-amanlıq təmin ediləcək. MDB ölkələrinin təhlükəsizlik məsələləri üzrə, o cümlədən MDB məkanında sabitliyin pozulmasına yönələn destruktiv fəaliyyətə qarşı bütün səylərimizi birləşdirməli və bundan sonra da birgə mübarizəni davam etdirməliyik.
Ən əsası, Bakıda keçirilən MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının 53-cü iclası bu məqsədlərə çatmağımız üçün qarşılıqlı fəaliyyətimizin daha da möhkəmlənməsi işinə xidmət edəcək və təhlükəsizlik sahəsində gələcək əməkdaşlığmıza töhfə olacaq.

Aqif HÜSEYNOV,
YAP Göygöl rayon təşkilatı üzrə Çaylı kənd ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər: