Gündəm
10:34, 24 Haziran 2024

Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir.

Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir.
Bildiyimiz kimi, cari ilin 21 iyununda Prezident cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə planetimizin qorunması üçün qlobal həmrəyliyə çağırış idi. Dövlət başçısı həmçinin qeyd etdi ki ,Azərbaycan yaşıl enerjiyə keçid prosesində lider ölkələrdən biri sayılır. Artıq yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin əsas tərkib hissəsinə çevrilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə qətiyyətinin göstəricisidir. Bu mühüm addım dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir. Azərbaycan artıq dünyada prioritet elan olunmuş “yaşıl keçid” platformasının da fəal iştirakçılarından birinə çevrilib. Azərbaycanda yaşıl enerjiyə keçid üçün, bərpaolunan enerji sahəsinin inkişafı üçün yaxşı sərmayə mühiti var və ölkəmiz ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. Bu sahə, eyni zamanda, xarici sərmayədarların da diqqət mərkəzindədir. Prezident İlham Əliyev də müsahibəsində bu məqama toxunaraq vurğuladı ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün də cəlbedicidir. Azərbaycanın “yaşıl keçid” platformasına töhfə verməsi üçün bərpaolunan enerji potensialı kifayət qədərdir. Belə ki, təsdiqlənmiş proqnozlara görə, ölkəmizin quru ərazisində 37 qiqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin əsas tərkib hissəsidir. Azərbaycan bərpaolunan enerjinin quraşdırılmış gücdə payını 2026-cı ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmağa çalışır. 2027-ci ilədək 3 GVt külək enerjisi və 1 GVt günəş enerjisinin istehsal olunması planlaşdırılır və bu istehsalın 80 faizinin ixracı nəzərdə tutulur. 2037-ci ilədək isə gücün minimum 6 GVt-a qədər artacağı gözlənilir. Azərbaycanın ənənəvi enerji sənayesinin özünün beynəlxalq öhdəliklərinə sadiq qalmaqla, tədricən bərpaolunan enerjiyə transformasiyasında əldə etdiyi uğurlar qətiyyətli fəaliyyətin real nəticəsidir. Təbii ki, bu amil yeni baxış rakursuna malik qlobal sərmayədarlar üçün özlüyündə ən azı Azərbaycanın bərpaolunan enerji mənbələri sayılan əlverişli iqlim resursları qədər cəlbedicidir. “Masdar”, “ACWA Power” və “BP” kimi sərmayədarların mövcudluğu və maraq göstərən subyektlərin dairəsinin genişlənmə tendensiyası bu reallığı bir daha sübut edir. Nəticə etibarilə, ötən ilin oktyabrında 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı, Bakı enerji həftəsi çərçivəsində 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlinin qoyulması da məhz bu prosesin bəhrəsidir.
Qeyd etməliyik ki, ənənəvi enerjidən əldə etdiyiyimiz gəlirlərin bərpaolunan enerjiyə yönəldilməsi hazırda ölkəmiz üçün əsas prioritetlərdən biridir. Prezident cənab İlham Əliyev müsahibəsində bunun bizim üzərimizə düşən önəmli öhdəlik olduğunu diqqətə çatdırdı: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.
Ümumiyyətlə, reallıqdır ki, Azərbaycan özünün ənənəvi qazıntı resursları ilə qlobal enerji təhlükəsizliyinin mühüm oyunçularındandır. Ölkə Prezidentinin ritorikasının da əks olunduğu cari situasiya isə göstərir ki, Azərbaycan artıq alternativ enerji üzrə də qlobal mövqeyə sahiblənməkdədir. Hətta ənənəvi resurslara əsaslanan inklüziv platforma olan Bakı Enerji Həftəsinin belə mahiyyətində yaşıl enerji amilinin rolu xüsusi qabarmaqdadır. Beləliklə, həyata keçirilən bu uğurlu siyasət, eyni zamanda, elmi-texniki potensiala əsaslanmaqla, iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payının artırılması ilə müşahidə olunur və eyni zamanda, iqlim dəyişikliklərinə təsir edən amil kimi çıxış edir.

Nuranə Atayeva
Salyan rayon Təzəkənd ümumi orta məktəbinin direktor əvəzi

Digər xəbərlər: