Gündəm
Bərpaolunan enerji layihələrində əsas hədəf ixracdır
İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji-“Caspian Power” sərgilərində iştirak edən ölkə Prezidenti cənab İlham Əliyev “Euronews”a müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində bildirib ki, Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir. Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. “Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı olub. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır.
Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.
Azərbaycanın böyük tərəfdaşları var. “Masdar” ölkəmizin strateji tərəfdaşıdır. Həmçinin “ACWA Power” və BP sərmayədarlarımız sırasındadır. Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Hazırda dövlətimiz milli enerji şəbəkəsini gücləndirir. Ölkəmiz sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıdır. Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən əsas hədəf ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun.Təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.
Azərbaycan öz enerji imkanlarından fəal şəkildə istifadə etməklə külək və günəş enerjisi perspektivlərini, eləcə də qaz ehtiyatlarının inkişafı və ixracını araşdırır. Azərbaycan ölkə daxilində bərpaolunan enerji mənbələrindən istifadənin artırılması yollarını nəzərdən keçirir, həmçinin enerji təhlükəsizliyini təmin etmək üçün qaz tədarükü vasitəsilə Avropa ölkələrinə yardım göstərir. Ölkəmiz eyni zamanda tullantıların azaldılmasına da mühüm töhfə verir. Respublikamızın həm quruda, həm də dənizdə “yaşıl enerji”nin, xüsusən külək enerjisinin inkişafı üçün böyük potensialı var. Burada hidrogen kimi digər təmiz enerji texnologiyaları da mühüm rol oynaya bilər. Hidrogen tullantıları azaltmağa kömək edən ən mühüm texnologiyadır. Bu, Azərbaycanın artıq mühüm töhfə verdiyi və bir çox enerji idxal edən ölkələrə tullantıların azaldılması yolunu tutmağa kömək göstərdiyi sahədir. Böyük həcmdə bərpaolunan resurslara, eləcə də “Şahdəniz” yatağında təbii qaz ehtiyatlarına birbaşa çıxışa malik olan Azərbaycan həm “yaşıl”, həm də “mavi” hidrogenin hasilatı üçün qabaqcıl imkanlara malikdir. Bundan başqa, təbii qazın tədarükü üzrə mövcud infrastruktur olan Cənub Qaz Dəhlizi potensial olaraq ixrac məqsədilə hidrogeni təbii qazla qarışdırmağa imkan verəcək. Bir sözlə, Azərbaycan Avropaya “yaşıl enerji”nin əsas tədarükçüsü olmaq üçün unikal imkana sahibdir. Burada bərpaolunan enerji istehsalı potensialı göz qarşısındadır. Prezident İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində üç elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib. “Masdar” şirkəti (BƏƏ) Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Abşeron-Qaradağda isə 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək. Bu elektrik stansiyalarının ümumi qoyuluş gücü 1000 MVt olacaq. Bərpaolunan və ənənəvi enerjinin, o cümlədən neft və qaz hasilatının, karbonsuzlaşdırılmlış və minimum karbon emissiyaları ilə uyğunluğu daha dayanıqlı enerji strukturu formalaşdırır. 2023-cü ilin sonunda Azərbaycanda bərpaolunan elektrik enerjisinin istehsalı üzrə quraşdırılmış güc 7,5 QVt təşkil edib. Lakin ölkədə bərpaolunan enerji mənbələrinin potensialı daha yüksək olub, təqribən 27 QVt-a bərabərdir. Günəş enerjisi əsas hissəni, yəni 23 GVt təşkil edir, quruda külək potensialı isə təqribən 3 GVt təşkil edir. Azərbaycan, həmçinin 157 GVt həcmində qiymətləndirilən dənizdə külək enerjisi potensialına malikdir ki, bu da mövcud quraşdırılmış gücdən 20 dəfə çoxdur. O cümlədən iqtisadi, texniki və digər aspektləri hərtərəfli qiymətləndirdikdən sonra ortamüddətli və uzunmüddətli perspektivdə bu potensialın istifadəsi planlaşdırılır.
Azərbaycan bərpaolunan enerjinin quraşdırılmış gücdə payını 2026-cı ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmağa çalışır. 2027-ci ilədək 3 GVt külək enerjisi və 1 GVt günəş enerjisinin istehsal olunması planlaşdırır və bu istehsalın 80 faizinin ixracı nəzərdə tutulur. 2037-ci ilədək isə gücün minimum 6 GVt-a qədər artacağı gözlənilir.
Elnur Hüseynov,
Salyan rayon Statistika İdarəsinin rəisi
Daha çox xəbər:
Azərbaycanda yaxşı sərmayə mühiti var
Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir.
Azərbaycan-Avropa İttifaqı münasbətlərində yeni mərhələ
Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə reallaşdırdığı layihələrlə öz fəaliyyətini durmadan genişləndirir
Azərbaycanın bərpaolunan enerji proqramı