Gündəm
10:12, 09 Temmuz 2024

Azərbaycanın növbəti beynəlxalq təşəbbüsü.

Azərbaycanın növbəti beynəlxalq təşəbbüsü.
Bir neçə gün idi dünyanın nəzər-diqqəti yenidən Şuşaya yönəlmişdi. Şuşa möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edərək Azərbaycanın Türk dünyasının birliyinə növbəti töhfəsini nümayiş etdirdi. Azərbaycanın dilbər guşəsində TDT-nın qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi dövlət başçımızın “Bizim ailəmiz Türk dünyasıdır” müdrik kəlamının bariz nümunəsidir. Tədbir beynəlxalq münasibətlər sistemində böyük maraq yaradıb və bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Belə bir möhtəşəm tədbirin işğaldan azad edilmiş Şuşada keçirilməsi bir daha dünyaya “Qarabağ Azərbaycandır!” reallığının nümayişi oldu. Bununla yanaşı, bu həm Azərbaycanın beynəlxalq aləmə, həm də Ermənistanın havadarlarına ciddi bir mesajdır. Çünki bu tədbir dünya ictimaiyyətinin diqqətini yenidən Şuşaya yönəltdi. Qeyd edək ki,ötən il Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü idi. Eyni zamanda, bu qərar bütün Türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verdi. Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Türk dünyasının birliyinin sarsılmaz olduğunun növbəti nümunəsi idi. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə Azərbaycanı dünya dövlətləri arasında zirvələrə yüksəltdi. Cənubi Qafqazda marağı olan və öz çirkin niyyətlərini Ermənistan və onun tərkib hissəsi kimi “Qarabağ layihəsi” üzərindən həyata keçirmək istəyənlərin xəbis niyyətləri ürəklərində qaldı. Bir-birinin ardınca qazanılan möhtəşəm qələbələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu xeyli artırdı və Türk dünyasının birliyini daha da möhkəmləndirdi. Bu görüş türkdilli dövlətlərin daha sıx inteqrasiyası, qarşıya qoyulan hədəflərə nail olunması və yeni güc kimi beynəlxalq münasibətlər sistemində formalaşaraq ciddi rol oynaması baxımdan mühüm əhəmiyyət kəsb edir.
Şuşada keçirilən tədbirdə diqqət çəkən məqamlardan birinin türkdilli dövlətlərin başçılarının bu şəhərə Füzulu beynəlxalq aeroportu vasitəsilə gəlmələri olub. Qısa müddətdə tikilib istifadəyə verilmiş Füzulu beynəlxalq aeroportu artıq xarici ölkələrin başçılarını qəbul edir. Digər tərəfdən tədbir iştirakçılarının Prezident İlham Əliyevlə birlikdə Şuşaya gəzintiyə çıxan zaman sakinlərlə səmimi görüşləri və söhbətləri də diqqətdən yayınmadı. Şuşa azərbaycanlıların əzəli yurdu kimi növbəti dəfə dünyaya qucaq açıb. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi məhz Prezident İlham Əliyevin təşəbbüsdür: “Dövlətimizin başçısı dedi ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir. Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.
TDT üzv ölkələrin liderləri Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu hesab edərək, həmçinin bəşəriyyət tarixində Türk xalqlarının siyasi, iqtisadi və bəşəri nailiyyətlərinə əsaslanaraq, Qarabağ Bəyannaməsini imzalayıblar. Bu sənəd Türk xalqlarının qitə miqyasında töhfələrini, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolunun ən yüksək dəyərini özündə əks etdirir.

Razıgül Dadaşova,
Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil Sektorunun müdiri

Digər xəbərlər: