Gündəm
10:12, 09 Temmuz 2024

Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti.

Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti.
Bildiyimiz kimi, iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Zirvə görüşündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edib.Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi məhz Prezident İlham Əliyevin təşəbbüsüdür. Prezident cənab İlham Əliyevin Zirvə görüşündəki çıxışı dünya ictimaiyyətinin diqqətini yenidən Azərbaycana yönəltdi. Bütün bunlar “Bizim ailəmiz Türk dünyasıdır” deyən dövlət başçısının müdrik kəlamının bariz nümunəsidir. Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri türk dünyasının birliyi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylərin birləşdirilməsidir. Günümüzün əsas çağırışı Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməsidir.
Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngin olur. Dövlətimizin başçısı zirvə görüşündəki çıxışında diqqətə çatdırdı ki, ”Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.”
Qeyd edək ki, türk dövlətlərinin başçılarının ayrı-ayrı vaxtlarda işğaldan azad edilmiş ərazilərimizə, Qarabağın tacı Şuşaya səfəri olsa da, onların bu torpaqda bir araya gəlməsi qürurverici olmaqla yanaşı, özündə mühüm çağırışları ehtiva edir. Bu, türk dövlətləri arasında birliyin, qadaşlığın və dostluğun məhz Şuşadan dünyaya təqdimatıdır. Bu gün ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev hər bir çıxışında Azərbaycanın iqtisadi imkanlarına xüsusi diqqət yönəldərək əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensial olduğunu əsaslı şəkildə qeyd edir. Azərbaycanın coğrafi mövqeyi, tranzit imkanlarının genişliyi qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağı şərtləndirir. Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi hazırda qarşıda dayanan prioritet məsələlərdən biridir. Bu reallıqlar bir daha tədbir iştirakçılarına çatdırıldı ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Hazırda türk dünyasının birliyi, həmrəyliyi işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidentinin Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentlərinin Şuşa və Füzuliyə, Qırğızıstan Prezidentinin Füzuli və Ağdama səfərləri bunun nümunəsidir. Bilirik ki, azad olunmuş torpaqlarımızda Türk dövlətlərinin qardaşlığının rəmzi olan məktəb və yaradıcılıq mərkəzi tikilib, həmçinin bu istiqamətdə tikintilər uğurla davam etdirilir. 2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci ilin ölkəmizdə “Şuşa İli”, həmçinin TÜRKSOY tərəfindən Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin, türk dövlətlərinin birliyinin, həmrəyliyinin təqdimatı olan Qarabağ Bəyannaməsinin məhz Qarabağın tacı Şuşada imzalanması mədəniyyət beşiyimizin ölkəmiz, eyni zamanda, türk dünyası üçün önəmini nümayiş etdirir. Bu nadir şəhər təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qəlbində xüsusi ehtiram və qürur duyğularını oyadır. Beləliklə, zirvə görüşündə bir əminlik də ifadə edildi ki, birgə səylərimizlə bu bənzərsiz şəhərin nümunəsində bütün Qarabağ gələcəkdə əbədi dostluğumuzun həqiqi rəmzinə çevriləcəkdir. İmzalanan Qarabağ Bəyannaməsi Türk xalqlarının qitə miqyasında töhfələrini, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolunun ən yüksək dəyərini özündə əks etdirir. Qəbul edilən qərarlar türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu da gücləndirəcəkdir.

Mahir Xankişiyev,
Salyan rayonu Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə
Digər xəbərlər: