Gündəm
10:37, 10 Eylül 2024
15
0

Azərbaycan-İtaliya arasındakı əməkdaşlıq

Azərbaycan-İtaliya  arasındakı əməkdaşlıq

Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, səfərlər çərçivəsində keçirdiyi görüşlər, imzalanan sənədlər, həmçinin nüfuzlu beynəlxalq tədbirlərdə iştirakı, Azərbaycan haqqında həqiqətləri olduğu kimi dünyaya bəyan etməsi daim beynəlxalq aləmin, eləcə də aparıcı medianın diqqət mərkəzində olub. Azərbaycanın ikitərəfli münasibətlərinin dinamik inkişaf etdiyi ölkələr sırasında İta¬liya xüsusi yer tutur.
Məlum olduğu kimi, Azərbaycanın dövlət başçısı İlham Əliyevin sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib.
Azərbaycan-İtaliya arasındakı əməkdaşlıq əsasən müstəqillik illərində dinamik inkişaf edib. Dövlətimizin başçısı səfər çərçivəsində mühüm əhəmiyyətli görüşlər keçirib. Görüş və müzakirələr zamanı bir daha ikitərəfli münasibətlərin strateji xarakteri öz təsdiqini tapdı. Müxtəlif sahələrdə çox ciddi əlaqələrin olduğu da qeyd edildi. İtaliya Avropa İttifaqına daxil olan ən mühüm dövlətlərdən biridir. İki ölkə arasında dostluq münasibətləri getdikcə daha da möhkəmlənir. Azərbaycanda çox sayda İtaliya şirkətinin fəaliyyəti daim yüksək qiymətləndirilir. İtaliya Azərbaycanı beynəlxalq səviyyədə dəstəkləyən mühüm dövlətlərdən biridir və ölkəmiz də Romaya eyni münasibəti göstərir. Azərbaycan və İtaliya uzun illərdir ki, strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bu barədə təqribən 10 il əvvəl müvafiq bəyannamə qəbul edilib. İki ölkə arasında əməkdaşlıq bir çox sahələri əhatə edir.
Azərbaycan Liderinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik adlandırması xüsusi olaraq diqqətə çatdırılıb. Eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsini hazırda ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə cəhd göstərən ölkələr üçün yaxşı nümunə olduğu vurğulanıb. Prezident İlham Əliyev iki ölkə arasında müntəzəm siyasi təmasların olduğunu da diqqətə çatdırıb.
Bu, Azərbaycan Prezidentinin 2020-ci ildən bəri İtaliyaya 3-cü səfəri idi. Onu da qeyd edək ki, Prezident Mattarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Dövlət başçıları arasındakı yüksək səviyyəli siyasi təmaslar Azərbaycanla İtaliyanın yaxın siyasi tərəfdaş olduğundan xəbər verir. Həmçinin çıxışda diqqətə çatdırıldı ki, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il ölkələrarası ticarət dövriyyəsi 16 milyard ABŞ dollarına çatıb. Əlaqələrin genişlənməsi üçün potensial yalnız enerji sektoru üzrə deyil, digər sektorlar üzrə də mövcuddur. Bütün bunlar təsdiqləyir ki, Azərbaycanla İtaliya çox yaxın tərəfdaş ölkələrdir.
Ölkə Prezidenti çıxışında qeyd etdi ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər daha geniş coğrafiyanı əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün biz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq.
Nəzərə almaq lazımdır ki, İtaliya bizim bir nömrəli xarici ticarət tərəfdaşımızdır. Ötən ilin Azərbaycan və İtaliya arasındakı ticarət dövriyyəsinin 16 milyard dollara yaxın olması iki ölkənin nə qədər üstün səviyyədə əlaqələr qurduğunu göstərir.
Həmçinin, bu gün İtaliya TAP (Trans-Adriatik boru kəməri) layihəsində də əsas ölkələrdən biridir. Azərbaycan İtaliyaya təxminən 10 milyard kubmetr qaz ixrac edib. 2027-ci ilə qədər isə İtaliyaya və bütövlükdə Avropaya ixrac etdiyimiz qazın həcmi 2 dəfə artaraq 20 milyard kubmetrə çatacaq. Əslində, bu fakt da bu onu nümayiş etdirir ki, Azərbaycan İtaliya başda olmaqla, Avropanın enerji təhlükəsizliyində nə qədər vacib əhəmiyyətə malikdir.
İtaliya ilə münasibətlərimizin kökündə təkcə iqtisadi əlaqələr dayanmır ,həmçinin, siyasi, mədəni və digər əlaqələr baxımında da İtaliya ilə çox yaxın münasibətlərimiz mövcuddur. Azərbaycanın dahi şairi Nizami Gəncəvinin Romada heykəli var. Bundan başqa, Heydər Əliyev Fondu Vatikanda bir sıra quruculuq işləri aparıb, habelə İtaliyada Azərbaycan mədəniyyət günləri keçirilib.
Bütün bunlar iki ölkə arasındakı münasibətlərdə perspektivi və potensialı göstərir. Tarixi əhəmiyyətinə görə önəmli ölkələrdən biri olan İtaliya ilə əlaqələrimizin belə üstün səviyyədə olması hər iki tərəfə də həm iqtisadi, həm də siyasi baxımdan mühüm dividentlər qazandırır.

Əli Məmmədov,
Salyan rayon ”Asan Xidmət” mərkəzinin əməkdaşı

Digər xəbərlər: