İqtisadiyyat
10:05, 21 Eylül 2020

İqtisadiyyatın bərpası karantinin ləğvindən keçir: Bəs Azərbaycanda... - NECƏ OLACAQ?

İqtisadiyyatın bərpası karantinin ləğvindən keçir: Bəs Azərbaycanda... - NECƏ OLACAQ?
Azəbaycanda karantin tədbirlərinin yumşaldılması, ictimai iaşə müəssisələrinin açılması minlərlə ailənin sosial təminatının qismən yaxşılaşmasına səbəb olub.

Amma koronavirusa yoluxma hallarının artacağı təqdirdə yenidən qapanmaların olacağına dair məlumatlar yayılmaqdadır ki, bu da vətəndaşların ciddi narahatlığına səbəb olur. Xatırladaq ki, bir sıra ölkələrdə pandemiyanın ikinci dalğası başlanacağı təqdirdə belə iqtisadiyyatların qapanmayacağı bildirilib. ABŞ Prezidenti Donald Tramp da qəti mövqeyini bildirərək, karantinin tətbiq olunmayacağını bildirib.

Qonşu Gürcüstanda da sərt qapanma və məhdudiyyətlər olmayacaq. Ölkənin Baş naziri Georgi Qaxariyanın sözlərinə görə, hazırda əsas prioritet iqtisadiyyatın mümkün qədər tez bərpa edilməsi və vətəndaşların sağlamlığının qorunmasıdır. Qaxariya vəziyyətin tamamilə nəzarət altına düşdüyünü və ən başlıcası, idarə olunduğunu vurğulayıb.

“Bu gün iqtisadiyyatın sürətli bərpası prioritetə çevrilir, lakin bu, müəyyən qaydalara əməl etmədən mümkün deyil. Və bu sadə qaydalardır: maska, sosial distansiya, gigiyenaya riayət etmə və s. Biz bunu həmişə demişik və bu gün təkrar edirik ki, biz hamımız virusla birgə yaşamağı öyrənməliyik. Təəssüf ki, virus problemi qlobal olaraq vaksin və ya digər vasitə ilə həll edilməyincə, ayrıca götürülmüş ölkənin virusa qalib gəlməsi mümkün deyil. Qeyd etmək istəyirəm ki, artıq heç bir sərt qapanma və məhdudiyyətlər olmayacaq".

Onu da qeyd edək ki, Dünya Bankının baş iqtisadçısı Karmen Reynhart da dünya iqtisadiyyatında bərpanın da məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılması ilə başlanacağı bildirib:

"Karantinlə əlaqədar bütün məhdudlaşdırıcı tədbirlərin ləğvi fonunda olduqca sürətli bir sıçrayış olacaq, lakin tam bərpa 5 ilə qədər davam edəcək".

Eyni zamanda K.Reynhart böhrandan sonra dünyada yoxsulluq səviyyəsi son 20 ildə ilk dəfə artacağını gözləyir.

İqtisadiyyatın bərpası karantin tədbirlərinin ləğvindən keçdiyi halda, Azərbaycanda məhdudlaşdıcı tədbirlərin sərtləşdirilməməsi, əksinə qapalı sahələrin açılması daha məqsədəuyuğun olmazmı? Digər tərəfdən qlobal iqtisdiyyatın bərpası 5 il çəkərsə, Azərbaycan iqtisadiyyatında pandemiyadan əvvəlki rəqəmlərin müşahidə olunması üçün nə qədər müddət lazım olacaq?

İqtisadçı Rəşad Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda da sərt karantin tədbirlərinin tətbiq olunacağını düşünmür:

“Amma kütləvi halda pandemiyanın yayılması vəziyyətin nəzarətolunmaz vəziyyətə gəlib çıxmasına səbəb ola bilər. Ona görə də ola bilsin ki, risklər nəzərə alınaraq, karantin qərarları qəbul edilsin. Amma əslində gigiyenik qaydalara nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə müəssisələrin fəaliyyətinin davam etdirilməsi daha düzgün olardı. Çünki iqtisadiyyatın dayanması ilə bağlı qərar qəbul edilən zaman həm vətəndaş, həm biznes, həm də dövlət ziyan çəkir. Dəyən zərərin kompensasiyası ilə bağlı da bu günə qədər hər hansı təkmil mexanizm işlənib hazırlanmayıb. Zərərin çox az hisssəsi kompensasiya edilib. Amma faktiki olaraq bu məsələlər planlaşdırılan deyil”.

İqtisadçı deyir ki, Azərbaycanda iqtisadiyyatın tam bərpasına gəlincə isə, bunu tam olaraq proqnozlaşdırmaq mümkün deyil:

“Amma müəyyən əsaslandırmalar aparmaq olar. 8 ayın nəticələrinə görə, rəsmi olaraq iqtisadiyyat 3 faiz kiçilib. Hökumətin proqnozuna görə, ilin sonunadək 4,3 faiz kiçiləcək. EDB-nin proqnozuna görə də, 4,3 faiz daralma qeydə alınacaq. Digər qurumların proqnozlarına görə Azərbaycan iqtisadiyyatında illik 5-7,5 faiz ressesiya baş verə bilər. Bərpa prosesi 2020-ci ildə iqtisadiyyatın hansı səviyyədə kiçilməsindən asılı olacaq.

Burada digər faktor post-pandemiya dövründə hökumətin hansı tədbirləri həyata keçirməsi olacaq. Hökumət iqtisadiyyatın liberallaşdırılması, açılması, xarici iqtisadi bloklarda təmsilçiliklə bağlı məhdudiyyətin tətbiq edilməməsi, proseslərin sürətləndirilməsi, məhkəmə sisteminin yenidən işlənib hazırlanması, müstəqilliyinin təmin edilməsi, xarici və daxili investorların inandırılması, liberal iqtisadi siyasətə ictimai güvənin formalaşdırılması istiqamətində sərt qərarların qəbul etməsə, iqtisadiyyatın bərpası daha uzun müddətə mümkün olacaq.

Amma həm siyasi, həm də sosial, iqtisadi sahələrdə ciddi islahatlar aparılarsa, düşünürəm ki, 4-4,5 il ərzində iqtisadiyyatı bərpa etmək olar. Məsələn, növbəti ilə olan proqnoz 1,2 faiz artımdır, əgər bu il 4,3 faiz kiçilmə baş verərsə, demək olar ki, 4 il ərzində biz dəyən zərəri bərpa edib, Azərbaycan iqtisadiyyatını 2019-cu il səviyyəsinə çatdıra bilərik. Bütün bunlar hökumətin qəbul etdiyi qərarlardan, pandemiyanın 2020-ci il təsirlərinin səviyyəsi ilə yanaşı 2021-ci ildə vaksinlərin tapılması, iqtisadiyyatın tam açılması kimi faktorlardan da asılıdır”.
Digər xəbərlər: