Gündəm
İLHAM ƏLİYEV Qarabağda Azərbaycan bayrağını öz əli ilə ucaltdı
Diplomatik cəbhədə də milli maraqlarımız qətiyyətlə təmin edildi. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Bununla da Vətən müharibəsi başa çatdı. Beləliklə, Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz 44 gün ərzində peşəkarlıq, qəhrəmanlıq nümayiş etdirdi. Müzəffər ordumuz Vətən savaşında qəhrəmancasına döyüşdü, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, zəfər yürüşünü son nəticəyə qədər davam etdirdi. Azərbaycan Ordusu güc-qüdrəti ilə həm də Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdən bəri formalaşdırılan mifi dağıtdı, hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək, ən müasir silahlardan yararlanmaqla, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını sıradan çıxardı, canlı qüvvəsinə ciddi zərbə vurdu. Həmçinin inzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçının şəhid vermədən, qan tökülmədən geri qaytarılmasını da reallaşdırdı.
Onu da vurğulayım ki, Azərbaycanın Böyük Qələbəsi ilə Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşdü, bütün məsələlərin yalnız respublikamızın ərazi bütövlüyü prinsipinə əsasən həlli gerçəkləşdi. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Lakin Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi, diplomatik cəbhədə milli maraqlarımızı qətiyyətlə reallaşdırdı. Sentyabrın 27-dən başlanan və 44 gün davam edən müharibə günlərimizdə Azərbaycan Prezidenti “Əl-Ərəbiyyə”dən başlamış “Əl-Cəzirə”, CNN, “Rossiya 1”, RBK, “Haber Global”a kimi miqyas etibarilə ən böyük, aparıcı informasiya resurslarına, televiziya kanallarına müsahibələr verdi, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdı.
Prezident müsahibələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasında dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən məsələyə ikili standartlarla yanaşılmasını, problemin ədalətli həllinə ciddi maraq göstərilməməsini xüsusi vurğuladı. Ən əsası isə münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun öz vəzifəsinin öhdəsindən gəlmədiyini bildirdi. Bəzi həmsədrlərin ermənilərin tərəfini saxlamalarını, işğal faktına göz yummalarını da açıq-aydın nəzərə çarpdırdı. Qeyd etdi ki, belə ədalətsiz yanaşma işğalçının cəzasız qalmasına, bölgənin təhlükəsizliyinə böyük təhlükə yaratmasına səbəb oldu. Beləliklə, nəticəsiz danışıqlar, vasitəçilərin əhəmiyyətsiz, əksər hallarda isə ikili standartlara söykənən bəyanatları prosesi, necə deyərlər, ölü nöqtədən tərpətməyə imkan vermədi. Yaranmış vəziyyət isə həm vasitəçiləri, həm də işğalçını qane edirdi. Təbii ki, Azərbaycan da öz milli məsələsi olan Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin sona qədər belə davam etməsi ilə razılaşmadı. Şübhəsiz ki, belə şəraitdə Azərbaycanın yeganə yolu qəti mövqe nümayiş etdirərək münaqişənin hərbi vasitə ilə həllinə üstünlük verməsi idi. Sentyabrın 27-dən başlayaraq Azərbaycanın Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları da məhz bu məntiqə əsaslandı və vəziyyətin bu yolla dəyişilməsinin mümkünlüyünü sübuta yetirdi.
Dövlətimizin başçısı diplomatik dil, üslub, metod və məzmun baxımından diqqət çəkən həmin müsahibələri ilə bütün dünyaya, beynəlxalq aləmə ötürdüyü mesajlarla Azərbaycanın haqq-ədalət mübarizəsi apardığını, düşmənin 30 il ərzində işğalda saxladığı torpaqlarımızın əzəli yurd yerlərimiz olduğunu, həmçinin erməni vandalları tərəfindən yaşayış sahələrinin, infrastrukturun tamamilə dağıdıldığını, salamat bir bina belə saxlanılmadığını, yerüstü və yeraltı sərvətlərin talan olunduğunu, tarixi-dini abidələrin barbarcasına yerlə-yeksan edildiyini bildirdi. Ölkə başçısı müsahibələrində, həmçinin bildirdi ki, Azərbaycan Ordusunun hədəfləri sırasında heç bir tarixi və ya dini abidənin mövcudluğundan belə söhbət gedə bilməz. Çünki Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir respublikadır. Bu fakt bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən də təsdiqlənir. Vatikanın rəhbəri, Roma Papası Fransisk də Bakıya səfəri zamanı açıq şəkildə Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun səviyyəsinin çox yüksək olduğunu bildirib. Bakının mərkəzində Azərbaycanın bərpa etdiyi erməni kilsəsi var. Respublikada həmin kilsə erməni xalqının mirası kimi qorunur. Doğulub boya başa çatdığım Şuşa şəhərinin əvvəlki vəziyyətindən hal-hazırda əsər əlamət qalmamışdır. Burada erməni dilində 5000-dən artıq qədim kitab saxlanılır. Lakin erməni tərəfi Azərbaycan məscidlərini, məsələn, Ağdam, Füzuli və Şuşanın dini ibadət ocaqlarını nəinki dağıdıb, hətta həmin müqəddəs yerlərində heyvan saxlayaraq, nəinki xalqımızın, ümumiyyətlə, bütün müsəlmanların hisslərini təhqir edib. Bütün bunlar bu gün istər ön cəbhədə, istərsə də diplomatiyada, siyasi müstəvidə əldə etdiyimiz qələbələrin memarının möhtərəm Prezident İlham Əliyev olduğunu deməyə əsas verir.
Hümbətova Ülviyyə Mürşüd qızı
Bakı şəhəri, 58 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi
Filoloq qiraətçi, "Fəal pedaqoq"