Gündəm / Cəmiyyət
Müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir
Rəşadətli Azərbaycan Ordusunun ermənilərin təxribatlarına, hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Qazandığımız parlaq qələbələr bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi. Rəşadətli ordumuzun Ermənistan işğalçı qüvvələrini məhv etməsi, təcavüzkar ölkəni diz çökdürməsi və möhtəşəm zəfər qazanması qəhrəman hərbçilərimizin onlara qüdrətli dövlətimiz və Müzəffər Ali Baş Komandan tərəfindən göstərilən diqqət və qayğıya, hərbçi peşəsinə verilən dəyərə cavabı oldu. “Dəmir yumruq” əks-həmlə əməliyyatı - 44 günlük Vətən müharibəsi Azərbaycan silahlı qüvvələrinin gücünün, onun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının necə yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi.
Hərbi qulluqçuların sosial vəziyyətinin daha da yaxşılaşdırılması həmişə olduğu kimi, yenə dövlət siyasətinin prioritetlərindəndir. Şəhid ailələri, həmçinin müharibə əlilləri və onların ailə üzvləri Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim xüsusi diqqət və qayğısı ilə əhatə olunublar. Vətən müharibəsində iştirak edən, yaralanan, şəhid olan hərbçilərin ailələrinə dəstək mexanizmləri hazırlanıb və tətbiq edilir. Ötən dövrdə Vətən müharibəsi şəhidlərinin 8 minədək ailə üzvünə 16 minədək sosial ödəniş təyin olunub, 3151 müharibə iştirakçısına əlillik və bununla bağlı sosial ödəniş təyin olunub. Cari ildə “Müharibə veteranı” adı verilmiş 81856 şəxsə də Prezidentin aylıq təqaüdünün təyinatı prosesi yekunlaşdırılıb. Ümumilikdə 93 min nəfərə 104 min sosial ödəniş təyin olunub.
Mühüm sosial dəstək tədbirlərindən biri də şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatıdır. Bu proqram 2021-ci ildə 5 dəfə genişlənib. Ötən il şəhid ailələri və müharibə əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən daha 587 mənzil, postmüharibə dövründə isə 3587 mənzil verilib. Ümumən ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.
Azərbaycan silahlı qüvvələrinin təkcə müasir hərbi texnika ilə təchizatı deyil, həm də şəxsi heyətin mənəvi-psixoloji hazırlığı baxımından gücü və qüdrəti dünyanın diqqət mərkəzindədir. Vətənpərvər əsgər və zabitlərimiz həm də ona görə yenilməzdirlər ki, arxalarında daim dövlətin qayğısı, dəstəyi və hərtərəfli təminatı dayanır. Prezident cənab İlham Əliyev 15 iyul tarixində keçirilmiş 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışında qeyd etmişdir: “Hərbçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir. Hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti haqqında bir çox məlumatlar var. Azərbaycanda bu sahədə görülən işlər deyə bilərəm ki, dünyada nadir hallarda təkrarlanır.”
Bir sözlə, Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması böyük önəm kəsb edir. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, ordu quruculuğu prosesində əlbəttə ki, hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət problemlərinin həlli, xidmət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi ilə yanaşı, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, onların əməkhaqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli də daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir.
Gülər Babayeva
Arbatan kənd sakini, müəllim