Gündəm
Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı kontekstində Hüseyn Quliyevin missiyası

Müasir beynəlxalq münasibətlər sistemində Mərkəzi Asiya – Cənubi Qafqaz xətti yeni geosiyasi məzmun qazanır. Bu məkan iqtisadiyyat, nəqliyyat-logistika, enerji təhlükəsizliyi və humanitar əməkdaşlıq baxımından mühüm strateji potensiala malikdir. Sözügedən potensial bölgə ölkələrinin qarşılıqlı etimada əsaslanan birgə fəaliyyəti nəticəsində reallaşır və türk dünyasında inteqrasiya proseslərini sürətləndirir.
Bu prosesdə Azərbaycan–Özbəkistan münasibətləri xüsusi yer tutur. İki ölkə arasında son illərdə baş tutan yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər və siyasi dialoq münasibətləri strateji tərəfdaşlıq və faktiki müttəfiqlik səviyyəsinə yüksəldib. Bu gün bu əlaqələr artıq yalnız diplomatik ritorika deyil, real siyasi, iqtisadi və humanitar nəticələrlə təsdiqlənir.
Azərbaycan və Özbəkistanı yaxınlaşdıran amillər təkcə coğrafi yaxınlıqla məhdudlaşmır. Ortaya ortaq tarixi köklər, mədəni irs, dil və mənəvi dəyərlər çıxır. Türk mənşəli iki xalq arasında əsrlər boyu formalaşmış qardaşlıq münasibətləri müasir dövrdə yeni siyasi və institusional məzmun qazanıb. Hazırda əməkdaşlıq siyasi, iqtisadi, humanitar, təhlükəsizlik və mədəni sahələri əhatə edən geniş spektr üzrə inkişaf edir.
Bu münasibətlərin sistemli və davamlı xarakter almasına səfirliklərin fəaliyyəti mühüm təsir göstərir. Səfirliklər yalnız rəsmi nümayəndəlik funksiyasını yerinə yetirmir, eyni zamanda dövlətlər arasında əməkdaşlığın real mexanizmlərini formalaşdıran əsas diplomatik körpülərdir. Siyasi dialoq, iqtisadi əlaqələr, mədəni və təhsil mübadilələri, diasporla iş və ictimai rəyin formalaşdırılması səfirliklərin əsas fəaliyyət istiqamətlərini təşkil edir.
31 oktyabr 2012-ci ildən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsini icra edən Hüseyn Rzaqulu oğlu Quliyev bu proseslərin mərkəzində dayanan əsas simalardandır. Onun fəaliyyəti Azərbaycan–Özbəkistan münasibətlərinin institusionallaşmasına və strateji tərəfdaşlıq modelinin möhkəmlənməsinə ciddi töhfə verib.
Hüseyn Quliyevin diplomatik fəaliyyəti çoxşaxəli və məqsədyönlüdür. Onun rəhbərliyi altında səfirliyin işi yalnız siyasi əlaqələrlə məhdudlaşmır, iqtisadi və ticarət əməkdaşlığı, birgə layihələrin təşviqi, humanitar və mədəni diplomatiya geniş şəkildə inkişaf etdirilir. Səfirliyin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzləri, dil kursları, təhsil proqramları, sərgilər, konsertlər, ədəbiyyat gecələri və tələbə mübadiləsi layihələri bu siyasətin praktiki nəticələridir.
Bu fəaliyyət Azərbaycan haqqında Özbəkistan ictimaiyyətində müsbət və obyektiv rəyin formalaşmasına, milli mədəniyyətimizin və dəyərlərimizin tanıdılmasına xidmət edir. Eyni zamanda, iqtisadi əlaqələrin genişlənməsi münasibətləri daha da möhkəmləndirərək onlara real strateji məzmun qazandırır.
Səfir Hüseyn Quliyev diplomatik üslubuna görə sadə, əlçatan və “qardaşlıq” ruhuna əsaslanan diplomat kimi tanınır. O, fəaliyyəti zamanı rəsmi protokolla yanaşı, insanlarla birbaşa ünsiyyətə, səmimi dialoqa və qarşılıqlı etimada xüsusi önəm verir. Azərbaycan diasporu, müəllimlər, tələbələr və ziyalılarla mütəmadi görüşləri səfiri cəmiyyət üçün yaxın və etibarlı şəxsə çevirib.
Yerlı özbək ictimaiyyəti ilə münasibətlərdə ortaq tarixi və mənəvi dəyərlərin önə çəkilməsi “iki dövlət, bir qardaşlıq” prinsipinin real diplomatik praktikada təzahürüdür. Səfirin öz sözləri ilə desək: “Azərbaycan və Özbəkistan eyni köklərdən, eyni dəyərlərdən güc alır. Bu münasibətlər diplomatik protokol deyil, səmimi dostluğun nümunəsidir.”
Bu yanaşma Özbəkistan cəmiyyətində də yüksək rəğbətlə qarşılanır. Səfirin ardıcıl fəaliyyəti təkcə Azərbaycan diasporu arasında deyil, həm də özbək ziyalıları və elm-mədəniyyət nümayəndələri arasında hörmət qazanıb. Xüsusilə mübadilə proqramları çərçivəsində Özbəkistanda çalışan Azərbaycan müəllimləri üçün bu mühit peşəkar və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan–Özbəkistan münasibətləri tarixinin ən yüksək mərhələsini yaşayır. Bu əlaqələrin davamlı və uzunmüddətli xarakter almasına mühüm töhfə verən şəxslərdən biri də səfir Hüseyn Quliyevdir. Onun fəaliyyəti göstərir ki, müasir diplomatiya yalnız sənədlərin imzalanması deyil, siyasi, iqtisadi və mədəni proseslərin əlaqələndirilməsidir.
Məhz buna görə Hüseyn Quliyev təkcə səfir deyil, Azərbaycanın Mərkəzi Asiyada diplomatik dayanıqlığının və etimad siyasətinin əsas memarlarından biri kimi qiymətləndirilə bilər. Onun missiyası həm diplomatik uğur, həm də strateji irs nümunəsi kimi gələcək nəsillər üçün örnək olaraq qalır.
Ali məqsədə xidmət edən, yüksək peşəkarlıq, səmimiyyət və dövlətçilik məsuliyyəti tələb edən bu çətin, eyni zamanda şərəfli missiyada Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevə yeni uğurlar arzulayır, onun fəaliyyətinin Azərbaycan–Özbəkistan qardaşlığının daha da möhkəmlənməsinə bundan sonra da dəyərli töhfələr verəcəyinə inanırıq.
Şəfiqə Tahirova
Azərbaycan Dillər
Universitetinin baş müəllimi,
Pedaqogika üzrə fəlsəfə doktoru
Daha çox xəbər:
Litva və Azərbaycan strateji tərəfdaşdırlar
Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır
Azərbaycan İtaliyanın neft və qaz təchizatında müvafiq olaraq birinci və ikinci yerləri tutur.
Bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb
Azərbaycan-İtaliya arasındakı əməkdaşlıq
